Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

«APA-Economics»in məlumatına görə, bunu «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, artıq Azərbaycanın «Azerspace-1» peyki Fransa Qvianasındakı Kuru kosmodromundan orbitə çıxarılıb və nəticədə Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələr sırasına qatılıb: «Azərbaycan artıq kosmik sənaye ölkəsinə çevrilmək üçün ilk addımını atıb. Kosmik sənaye iqtisadiyyatı şaxələnmiş Azərbaycanın yeni trendidir. Bu istiqamətdə hələ çox işlər görüləcək. Növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması planlaşdırılır».

«Azərkosmos»un sədri vurğulayıb ki, Azərbaycan üçün milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama peyklərinin orbitə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində ilkin olaraq aşağıorbitli peyklərin imkanlarının ölkəmizdə istifadə və tətbiq istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılıb. Məlum olub ki, ölkədə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və bu kimi bir sıra mühüm sahələrdə bu peyklərin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur.

R.Nəbiyev onu da qeyd edib ki, kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi, eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsini hədəfləyir.

ASC sədri əlavə edib ki, rabitə və informasiya texnologiyaları sahəsinin neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İKT-nin geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir: «Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zərurətə çevirib. İqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində də lider ölkəyə çevirəcək».

R.Nəbiyevin sözlərinə görə, kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi kosmik sahə üzrə müxtəlif istiqamətlərdə beynəlxalq inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcək: «İKT-nin ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyəti nəzərə alındıqda, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar».

Qeyd edək ki, fevralın 8-də Fransa Qvianasının Kuru kosmodromundan Azərbaycanın ilk milli süni telekommunikasiya peyki «Azerspace-1» geostasionar orbitə çıxarılıb. ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyk «Ariane-5» kosmik daşıyıcısı ilə orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək. Artıq peykin resurslarının 40%-nin istifadəsi üçün şərti müqavilələr imzalanıb.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.