Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra dünyaya Dağlıq Qarabağ həqiqətlərini, erməni vəhşiliyini sübut etməyə lüzum qalmayıb. İşğaldan azad edilmiş şəhərlərimizin, kəndlərimizin  timsalında bu həqiqətlər göz önündədir. Artıq bütün dünya işğalçı dövlətin 28 il ərzində Dağlıq Qarabağda həyata keçirdiyi vəhşilikləri, Azərbaycan torpaqlarında tarixi-mədəni irsə qarşı vandal siyasəti görürlər. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycana məğlub olan Ermənistan həm də ölkəmizə kompensasiya ödəmək məcburiyyətindədir. Çünki işğaldan azad olunmuş ərazilərdə real vəziyyət onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin miqyası olduqca böyükdür.

Unikal.org-un məlumatına görə, Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyir ki, Ermənistan hər nə qədər etdiyi cinayətlərdən imtina etməyə çalışsa da, işğaldan azad edilən torpaqların real vəziyyəti bu ölkənin Azərbaycana vurduğu maddi-mənəvi, ekoloji zərərin miqyasını göstərir. Onun sözlərinə görə, Azərbaycan tərəfi kapitulyasiyadan sonra Ermənistan tərəfinin vurduğu zərər ilə bağlı kompensasiya tələb etmək haqqına sahibdir. F. Mehdiyevin sözlərinə görə, Yerevan de-yure kapitulyasiya sazişi imzalamasa da, imzalanan bəyanat kapitulyasiya mahiyyəti daşıyır: “Bu gün işğaldan azad edilən Zəngilan, Qubadlı, Kəlbəcər və digər torpaqların timsalında dəyən maddi ziyan göz qabağındadır. Yəni Ermənistan Azərbaycana təzminat ödəməkdən heç vaxt boyun qaçıra bilməyəcək. Biz beynəlxalq təşkilatları əraziyə dəvət edib real ziyanı aktlaşdırıb təzminatın miqdarının hesablanması üçün müraciət edə bilərik. Dəyən ziyan tam olaraq hesablandıqdan sonra isə danışıqlar prosesinin predmeti olaraq təklif edə bilərik. Rəsmi Yerevan maddi və ya alternativ təkliflər ilə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir. Beynəlxalq hüquqda da kompensasiya məsələsi çox aydın şəkildə təsbit olunub. Təcrübələr göstərir ki, dövlətlər kompensasiya məsələsində adətən beynəlxalq məhkəmələrə müraciət etmirlər və məsələni öz aralarında həll edirlər. Kapitulyasiya eləmiş dövlətlə imzalanan sülh müqavilələrində təzminat məsələsi öz əksini tapır. Azərbaycanın da bu imkandan istifadə edəcəyi şübhə doğurmur. İndiki situasiyada Ermənistan ancaq Azərbaycanın imtina eləyəcəyi halda təziminatdan yayına bilər. Bunun üçün isə Ermənistandan müəyyən tələbləri ola bilər. Məsələn, Azərbaycan üçün indi çox vacibdir ki, ərazi bütövlüyü Ermənistan tərəfindən tanınsın. Bununla Azərbaycan gələcəkdə Qarabağ məsələsində ortaya çıxa biləcək təhlükələri sığortalaya bilər. Həmçinin, başqa məsələlərdə də Ermənistanın suveren hüquqlarından geri çəkilməsinə nail olmaq mümkündür. Ermənistan heç bir halda müharibə, humanitar və insanlıq cinayətlərinin məsuliyyətini üzərindən ata bilməz” deyə F. Mehdiyev bildirir.

Məlumat üçün onu da qeyd edək ki, Ermənistanın ötən 30 ildə Azərbaycan əhalisinə, şəhər və rayonlarımıza, yaşayış binalarına, tarixi abidələrə, tarixi-mədəni resurslarımıza vurduğu ziyan beynəlxalq məhkəmələr qarşısında təzminat məsələsi kimi qaldırılacaq. Son günlər bu fikir mətbuatda tez-tez dilə gətirilir və aidiyyəti qurumlar bu istiqamətdə hesablama, faktların toplanması, sənədləşdirmə işlərini aparırlar. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də noyabrın 16-da işğaldan azad olunan Cəbrayıla  səfəri zamanı təzminat məsələsini dilə gətirib: "Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir salamat bina yoxdur. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər “deyə bildirib.  İlham Əliyev işğaldan azad olunmuş bölgələrə beynəlxalq qurumların, ekspertlərin dəvət ediləcəyini, dəyən ziyan hesablandıqdan sonra Ermənistana qarşı təzminat məhkəməsi açılacağını bəyan edib: "Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.
Millət vəkilləri, iqtisadçı ekspertlər də bu məsələdə Ermənistana hər hansı güzəşt etməyin əleyhinədirlər və beynəlxalq hüquqi müstəvisində təzminat məsələsinin qaldırılmasını təklif edirlər.

Deputat Vüqar Bayramov təzminat məsələsinə münasibət bildirərkən vurğulayıb ki, Ermənistanın Kəlbəcərdə törətdyi barbarlıq və vandalizm olmaqla yanaşı, bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsilə təzminat istəniləcək: "27 il işğal altında olan rayonumuzda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının da göstəricisidr. Doğrayaraq Ermənistana daşıdıqları meşələrdə əksəriyyəti 100 illik qədim ağaclardır. Bu Ermənistanın 27 il işğal altında saxladıqları bütün digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də necə ekoloji soyqırım etdiyini göstərir. Yandırdıqları evlərin çoxu işğaldan əvvəl bizim inşa etdiyimiz tikililərdir. Bütün bunlara rəğmən Azərbaycan tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacaq”.
Deputatın sözlərinə görə, Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiyanın ödənilməsinin dünya təcrübəsində oxşar nümunələri var: "30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da belə bu milyard dollarlarla ölçülür.  Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqın Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub. Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun. Bu, beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər".

V.Bayramov hesab edir ki, bu məsələdə ermənilərdən işğalçılıq siyasətindən birbaşa zərər görən vətəndaşların beynəlxalq məhkəmələrə fərdi müraciətləri də böyük rol oynaya bilər: "Beynəlxalq praktika göstərir ki, son dövrlər belə kompensasiyanın ödənilməsi ilə bağlı verilən məhkəmə qərarlarının çoxu fərdi müraciətlər əsasında reallaşıb. Bu o deməkdir ki, 30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı, Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Qeyd edək ki, kompensasiyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Bu baxımdan, Ermənistanın kasıb olması onu işğal nəticəsində vurduğu ziyana görə kompensasiya ödəmək məsuliyyətindən azad etmir” deyə deputat bildirib. 

Qeyd edək ki, kompensasiya beynəlxalq hüquqazidd əməl nəticəsində vurulmuş zərərin maliyyə şəkildə ödənilmə formasıdır. BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə yönəlib. Beləliklə, kompensasiya vurulmuş zərərin restitusiya ilə ödənilmədiyi halda tətbiq edilə bilər. Kompensasiya maliyyə baxımından qiymətləndirilə bilən hər bir zərəri, o cümlədən müəyyən edilə bilən əldən verilmiş mənfəət də daxil olmaqla, ödəmə formasıdır. O, vurulmuş zərərə görə tam ödəməni təmin etməyə yönəlməlidir və beynəlxalq praktikada zərərin ən çox rast gəlinən ödənilmə formasıdır. Bu müddəa müəyyən edir ki, kompensasiyanın miqdarı əmlaka zərərin vurulduğu vaxtdakı dəyəri deyil, onun kompensasiya ödənilməsi vaxtında olan qiyməti miqdarında ödənilməlidir.

Mələk Eyvazlı 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

(İstiqamət: Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi)