Artıq xeyli müddətdir ki, meşələrdə aqrobağların salınması məsələsi sosial platformada müzakirə olunur. Hətta ötən gün bir qrup ekoaktivist bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirərək meşələrdə aqrobağların salınmasına etiraz edib, meşə torpaqlarının aqrobağlar üçün sahibkarlara icarəyə verilməsinin dayandırılmasını tələb edib. Onların iddiasına görə, aqrobağların salınması üçün icarəyə verilən meşə torpaqlarında ağaclar qırılır, meşə ekosistemi məhv edilir.

“Unikal” qəzeti meşələrdə aqrobağların salınmasının qanunla düzgün olub-olmadığını, meşə fonduna aid torpaqların hansı şərtlərlə sahibkarlara icarəyə verilməli olduğunu araşdırıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyir ki, meşə fonduna aid torpaqlarda meyvə bağlarının salınması məqsədilə icarəyə verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Onun sözlərinə görə, qaydaya görə, meşə fonduna aid torpaqların icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Mirsalam Qənbərov bildirir ki, meşə bitkiləri ilə örtülü olmayan, yəni tala  olan meşə  torpaqları meşələrin bərpası məqsədilə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. O, bildirir ki, meşə fonduna aid torpaqların icarəyə götürülməsi üçün icarəçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir: “ Müraciət olunan gündən başlayaraq bir ay müddətindən gec olmayaraq icarəçi ilə icarə müqaviləsi bağlanılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə baxarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyini və şərtlərini əsas tutur. İcarə müqaviləsi bağlanılmadığı halda icarəçiyə onun səbəbləri göstərilməklə rəsmi izahat verilir ki, meşə torpağı hansı səbəbə görə icarəyə verilə bilməz”.

Mirsalam Qənbərov: “Meşə fondu ərazisində aqrobağların salınmasında məqsəd yaşıllıqların artırılması və səmərəli-iqtisadi-sosial layihələrin həyata keçirilməsidir”

Mirsalam Qənbərov onu da deyir ki, meşə fondu torpaqlarından icarə hüququnu Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən hallarda məhdudlaşdıra və ya dayandıra bilər. Buraya icarəçi tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulması, icarəçinin icarə müqaviləsinin şərtlərini pozması,meşə fonduna aid torpaqlardan səmərəli istifadəsi, mühafizəsini, qorunması və bərpası, əhalinin sağlamlığı, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqları və qanuni mənafelərini qorumaq zəruriliyi yarandığı hallar daxildir: “Meşə fondu torpaqlarından icarə hüququ yalnız icarəçi tərəfindən meşə qanunvericiliyi pozulduqda, fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə, icarəçi tərəfindən meşə fondu torpaqlarının icarə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə, icarəçi tərəfindən icarə müqaviləsində nəzərdə tutulmuş şərtlər pozulduqda, icarəçi tərəfindən yanğın  təhlükəsizliyi qaydalarına əməl edilmədikdə, meşə fondu torpaqları dövlət ehtiyacları üçün geri alındıqda  məcburi xitam verə bilər”.

Həmsöhbətimiz bildirir ki, meşələrdə aqrobağların salınması işlərinə 2017-ci ildən başlanılıb. 2018-2021- ci illərdə 84 hüquqi və fiziki şəxsə meşə torpağı icarəyə verilib. Bu müqavilələr əsasında 9013 hektar ərazi icarəyə verilib. Bu illərdə 10 halda müqavilənin tələbləri pozulduğu üçün 658 hektar meşə torpağının müqaviləsinə xitam verilib”.

Həmsöhbətimiz bildirir ki, meşələrin elektron xəritələşməsi işləri aparılır. Xəritələr elektronlaşdıqdan sonra meşələrin elektron xəritələrini hər kəs görə biləcək.

O ki, qaldı meşə torpaqlarında aqrobağların yaradılmasına olan narazılıqlara, M. Qənbərov bildirir ki, meşə fondu ərazisində aqrobağların salınmasında məqsəd yaşıllıqların artırılması və səmərəli-iqtisadi-sosial layihələrin həyata keçirilməsidir: “Meşə fondunda daha çox fayda verən elementləri təmin etməliyik. Sahibkarlar bu işə sərmayə qoyur, regionların sosial inkişafında rol oynayırlar”.

Sahibkarlara icarəyə verilən meşə torpaqlarında hansı ağacların əkilməsinə gəlincə, M. Qənbərov deyir ki, meşə ərazisində meşə bitkilərinin əkilməsi nəzərdə tutulur: “Məsələn, yonca, taxıl və sair kənd təsərrüfatı təyinatlı bitkilərin əkilməsi nəzərdə tutulmur”.

 Agentlik sədri onu da bildirir ki, artıq üç-dörd ildir ki, meşə torpaqları aqrobağlar üçün icarəyə verilir. Ona görə də, meşə torpaqlarının icarəyə verilməsinin nə dərəcədə rentabelli olması, məhsuldarlıqla bağlı indidən danışmaq tezdir.

Telman Zeynalov: “Meşəni qırıb aqropak yaratmaq olmaz, meşə fondunun torpağında meşə yaratmaq lazımdır!”

Ekoloq Telman Zeynalov isə bildirir ki, meşə torpaqlarının sahibkarlara icarəyə verilməsi qayda-qanunlara zidd olmasa da, bu məsələdə meşə ekosisteminin qorunmasını unutmaq olmaz. Həmsöhbətimiz deyir ki, meşə fonduna aid torpaqlar icarəyə verilərkən icarə müqaviləsi bağlayan sahibkar meşənin ekosistemini məhv etməməli, meşədəki ağacları, kolları kəsib-tökməməlidir. Ekoloq aidiyyatı qurumların bu məsələyə nəzarət etməsinin vacib olduğunu söyləyir.

Meşəni qırıb aqropak yaratmaq olmaz. Meşə fondunun torpağında meşə yaratmaq lazımdır. Meşə fonduna toxunmaq olmaz. Azərbaycanda meşə çatışmazlığı var. Hazırda ölkə ərazisinin Qarabağı çıxmaqla  8,2 faizini meşə təşkil edir. Əslində ərazimizin 30 faizini meşə təşkil etməlidir.

Qeyd edək ki, “EkoFront” vətəndaş təşəbbüsü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşə torpaqlarının icarəyə verilməsi prosesində şəffaflığın təmin edilməsi tələbi ilə müraciət edib. “EkoFront”un sosial şəbəkədə yayılan bəyanatında meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə zəbt edilməsi və mövcud kolluq, seyrək meşəlik ekosistemlərin məhv edilməsindən narahatlıq ifadə edilir. Bildirilir ki, 2017-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8582 hektar meşə fondu torpağını icarəyə verib. “EkoFront” vətəndaş təşəbbüsü deputat sorğusu ilə müəyyən edib ki, meşə ərazilərinin icarəyə verilməsindən üç il ərzində 217,8 min manat və ya ildə 16 min manat əldə edilib. “EkoFront” nümayəndələri ictimaiyyətə açıq bir informasiya mənbəyi yaratmağı, icarəyə götürülmüş meşə ərazilərinin yeri barədə məlumat verilməsini təklif edirlər. “EkoFront” bildirir ki, meşə fondunun boş sahələri meşə bərpası üçün nəzərdə tutulub. Meşə fondunda aqrobağların salınması tamamilə qanunsuzdur.

Xatırladaq ki, ekoaktivistlər Haftoni-Girdani meşəsində 43 hektar meşə fondu torpağında çay bağı salınması məqsədi ilə Beta Tea Azerbaijan şirkəti ilə bağlanmış müqaviləyə xitam verilməsini, meşəyə dəymiş ziyanın hesablanmasını və adekvat cəza tədbirlərinin görülməsini tələb edirlər.

Gülayə Məcid

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

(İstiqamət: Ekologiya və ətraf mühitin müdafiəsi)