"Koronavirus pandemiyasının bitməsindən danışmaq hələ tezdir. Bir çox Avropa ölkəsində yoluxmaların sayında ciddi artım müşahidə olunur".

Unikal.org xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə məlumatında deyilir.

Qeyd olunub ki, bir sıra ölkələrdə yüksək keçicilik qabiliyyətinə malik “delta'” variantının yayılması ilə əlaqədar yoluxma sayında əhəmiyyətli artım qeydə alınmaqdadır.

“Virusun yayılmasının qarşısını almaq üçün ayıq olmalı və sağlam düşüncə ilə hərəkət etməliyik. Bunun üçün tam peyvənd olunmaq, məsafə saxlamaq, əlləri tez-tez yumaq, izdihamlı yerlərdən yayınmaq və zərurət olan yerlərdə maska taxmaq lazımdır. Qapanmanın qarşısını almaq üçün bunları etməliyik", - ECDC direktoru Andrea Ammon deyib.

Hər iki qurum vaksinasiyanın sürətlə tətbiq olunmasını tövsiyə edir.
“Əldə olan məlumatlar aydın şəkildə göstərir ki, tam vaksinasiya xəstəliyin ağır şəkildə keçməsi və ölüm riskini əhəmiyyətli dərəcədə azaldır”, - ÜST-ün Avropa üzrə regional direktoru Hans Klügen bildirib.