Rusiyanın ölkəmizə qarşı təhlükəli hərbi planları

Dağıstana cəmləşdirilmiş ordu hissələri yaz aylarında irimiqyaslı antiterror əməliyyatına başlayacaq; əməliyyat Azərbaycanın şimal ərazilərini də əhatə edəcək; Bakıdakı diplomatik qaynaqlar planın bəzi detallarını çatdırdı

Rusiyanın hərbi-kəşfiyyat dairələrindəki mənbələrə istinad edən Bakıdakı diplomatik qaynağın bildirdiyinə görə, ötən ilin yayından etibarən Dağıstanın Azərbaycanla sərhəd ərazilərinə cəmləşdirilmiş rus hərbi birləşmələri yaz aylarında Şimali Qafqazı terror qruplaşmalarından təmizləmək adı altında irimiqyaslı əməliyyata başlayacaq. Bu barədə “Yeni Müsavat” qəzetinin redaksiyasına məlumatlar daxil olub.

Bu zaman təqib olunan silahlı qruplaşmaların bir hissəsinin Azərbaycana keçməsi “təşkil olunacaq”, ardınca Rusiya qüvvələri terrora qarşı mübarizə adı altında sərhədi keçəcək.

Mənbənin bildirdiyinə görə, bu əməliyyatların başlaması ərəfəsində Azərbaycanda xüsusi gərgin mühit, o cümlədən ölkənin Rusiya ilə sərhəd şimal rayonlarında gərginlik yaratmaq planlaşdırılır. İstisna deyil ki, bu ərəfədə həmin bölgələrdə də Şimali Qafqazdan idarə olunan yaraqlı qruplaşmalar fəaliyyətə keçsin və radikal dini elementlər fəallaşsın. Nəzərə almaq lazımdır ki, indi 2013-cü ildir, Azərbaycanda prezident seçkiləri məhz bu ilə təsadüf edir və Rusiya da Azərbaycan iqtidarına qarşı xüsusi aqressiv siyasət nümayiş etdirir. Bütün bunların məhz seçki ilinin yazında baş verməsi isə düşündürücüdür.

Xəbərdə bildirilir ki, Azərbaycanın Rusiyanın hərbi planlarına qarşı müqaviməti Moskvanı daha da aqressivləşdirəcək. Söhbət Rusiyanın bütün Cənubi Qafqazı öz nəzarətinə almağa hesablanmış planlarının tərkib hissəsindən gedir. Mənbə bildirir ki, məsələ kifayət qədər ciddidir.

Ötən ilin yayından etibarən Rusiyanın ən güclü və modern silahlarla silahlanmış hərbi birləşmələrinin ardı-arası kəsilmədən Dağıstana yerləşdirildiyi barədə “Yeni Müsavat” rus mənbələrinə istinadən o vaxtdan yazıb. Dağıstan sakinləri, rusiyalı ekspertlər və analitiklər bu qədər hərbi qüvvənin Şimali Qafqaz respublikasına nə səbəbə cəmləşdirildiyini izah etməkdə çətinlik çəkirdilər. Çünki Dağıstan ərazisində fəaliyyət göstərən silahlı qrupların bir neçə yüz nəfərlik qüvvələrinə qarşı on minlərlə hərbçidən, o cümlədən 1990-cı ilin yanvarında Bakıya yeridilmiş Tula desant diviziyasından, 300 kilometrlik məsafədə dəniz və quru hədəflərini dəqiq vuran ballistik raketlərdən, minlərlə zirehli texnikadan ibarət hərbi birləşmələrin cəmləşdirilməsi qətiyyən ağlabatan deyildi. Xüsusən də həmin qüvvələr Dağıstanın Azərbaycanla sərhəd meşəlik ərazilərində düşərgə salıb.

Ötən ilin payızında Rusiya daha 15 minlik desant qüvvəsini Dağıstanda yerləşdirib. Hərbi ekspertlər, Rusiya Müdafiə Nazirliyindəki mənbələr qoşun cəmləşdirilməsi prosesini “Rusiyanın regionda böyük müharibəyə hazır olması zərurəti” ilə izah ediblər. Bildirilirdi ki, Rusiya ABŞ-ın İrana qarşı mümkün müdaxiləsindən sonra regionda yaranacaq situasiyaya hazır olmalıdır. Lakin ABŞ-ın İrana müdaxilə planları hazırda gündəmdə deyil. Rusiya isə belə görünür ki, Qafqazı tamamilə ələ keçirmək planlarına başlamaq üçün İrana qarşı müharibənin başlamasını gözləmək fikrində deyil.

Kremlin planları isə göründüyü üzrə, təkcə hərbi mahiyyət daşımır. Ötən ilin payızından etibarən Rusiya Azərbaycanda siyasi proseslərə dolayısı təsir rıçaqlarını işə salıb. Prezident Vladimir Putinin sadiq adamı Söyün Sadıqov açıq şəkildə xəbərdarlıq edir ki, bu seçkilər Azərbaycan hakimiyyəti üçün kifayət qədər mürəkkəb olacaq. Rusiya isə o namizədə dəstək verəcək ki, Putinin Avrasiya İttifaqı ideyasını, Azərbaycanın Rusiya ilə strateji tərəfdaş kimi qalmasını dəstəkləsin.

Ötən ay “Yeni Müsavat” Rusiyadakı azərbaycanlı iş adamları çevrələrində “Putin yayda Azərbaycanda hakimiyyət dəyişikliyi hazırlayır”, məzmunlu şayiələrin yayıldığı haqda yazmışdı. Söhbət Dağıstandan tutmuş Moskvaya qədər əllərində yaxşı iqtisadi imkanlar cəmləşdirən iş adamları çevrəsindən gedirdi, ancaq bu şayiələrin məğzi, planın niyə məhz yayda başlayacağı aydın deyildi. Belə görünür ki, həmin şayiələr təsadüfi deyil və arxasında Rusiyanın Dağıstanda başlayaraq Azərbaycana keçirməyə hazırlaşdığı əməliyyatlar dayanırmış.

Qeyd etmək lazımdır ki, Gürcüstanda İvanişvili hökumətinin hakimiyyətə gəlməsi Rusiyanın bu “qiyamçı” Qafqaz respublikasını yenidən nəzarətə almaq şanslarını artıb. Ermənistan onsuz da Rusiyanın nəzarətindədir. Deməli, Rusiya əsas diqqəti və gücü Azərbaycana yönəldəcək. Ehtimal edilir ki, Rusiya Azərbaycana münasibətdə klassik mənada işğal əməliyyatı hazırlamır, eyni zamanda öz adamını da hakimiyyət başına gətirib ölkənin kursunu şimala doğru döndərmək niyyətindədir.

Azərbaycan rəhbərliyinin Rusiyanın bu planlarından yəqin xəbəri olmamış deyil. Ancaq əsas sual budur: Azərbaycanın hazırda stavka etdiyi Qərb Rusiyanın planlarına mane ola bilərmi? 2008-ci ilin avqustunda Qafqazda baş verənlərin təcrübəsindən çıxış etsək - yox...