"Çox zaman  deyirlər  ki, dərs oxuyan uşaq telefona,  televiziyaya baxmır,  heç bir sosial hyatı olmur və yalnız dərslə  maraqlanır.  Amma bu fikir tamamilə yanlışdır". 

Bunu Unikal.org-a açıqlamasında  qəbul imtahanında ən yüksək bal toplayan Əflan Bədəlov deyib. O, dərslərinə  məsuliyyətlə  yanaşdığını  bildirib:

"Çalışmışam ki,  dərslərimi  bitirim daha sonra  digər  işlərimlə məşğul olum. Gündə ortalama 4 saat dərslə məşğul olmuşam. Ola bilər ki, dərslərim çox olar, o zaman 5-6 saat çalışdığım vaxtlar da olub. Asudə  vaxtlarımı dəyərləndirmişəm. Həvəskar futbolçuyam,  çox zaman onunla məşğul oluram. Dostarımla və  ailəmlə vaxt keçirməyi  sevirəm". 

Biznesin  idarə  edilməsi və  ya Maliyyə  fakültələrində təhsil almağı düşünən Əflan Bədəlov hələ ki, hansı universitetdə oxuyacağını dəqiqləşdirmədiyini söyləyib: "Xarici universitetlərdə oxumağı düşünmürəm. Azərbaycandakı ali məktəblərdən birini seçəcəm".  

Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün II və III qruplar üzrə ali məktəblərə qəbul imtahanlarında  Salyan şəhər,  Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi, 3 qat respublika fənn olimpiyadasının qalibi, qızıl nişanlı Əflan Bədəlov 691 balla  rayon birincisi olub. 

 Gülayə  Mecid