“Seksin əhval-ruhiyyəyə böyük təsiri var”

Zemfira Adıgözəlova: “Məni Anfisa Çexovaya oxşadan Gülər Əhmədovanın aqibətinə sevinmədim”

“Lider” TV-nin “Qızıl pillə” verilişindən tanıdığımız Zemfira Adıgözəlova xeyli vaxtdır bu telekanalda görünmür. Amma tezliklə TV-də yeni proqramla tamaşaçıların qarşısına çıxacaq. Özü deyir ki, bu dəfə onu tamamilə yeni ampluada görəcəyik. Hər necə olursa-olsun, tamaşaçıların gözündə o hələ də cilvəli-işvəli Zemadır. Modern.az saytı Zemfira Adıgözəlova ilə müsahibəni təqdim edir.

– Məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil oldum. Tamaşalarda həmişə ya kiminsə sevgilisi ya da əri məzuniyyətə gedən kimi sevgili axtaran qadın olurdum. Bir vaxtlar “Sara” televiziyası var idi. Həmin TV-də kiçik reportajlar hazırlayırdım. Sonra ailə qurdum və TV-dən uzaqlaşdım. Övladım olmadığından müalicələr ucbatından iş həyatımı bütünlüklə dayandırdım. Bir müddətdən sonra gördüm ki, müalicələrin effekti yoxdur, odur ki, televiziyaya qayıtdım. “Sara” TV qapandıqdan sonra AzTV-yə gəldim. Orada bir müddət rejissor, rejissor köməkçisi və “Rəqs atlası” adlı bir verilişin aparıcısı oldum. Verilişin rejissoru Nazim Zeynalov həmişə çalışırdı ki, geyimlər açıq-saçıq olmasın. Mənim geyimim onu qane etmirdi, bir də görürdün ki, mikrofonla qışqırır: “Çiynini ört!”. Və bir azdan yenə: “Stop, çiynini ört!”. Gördüm ki, bu cür alınmır. Bir neçə ay evdə oturdum, nəhayət “Lider” TV-də “Qızıl Pillə” verilişinə dəvət aldım. Üç il layihəni – öz ideyamı davam etdirdim. Düzdür, bir il aparıcısız. Yaradıcı heyətin əksər hissəsi İncəsənət Universitetini yenicə bitirdiyindən enerjili və ideyalı idilər.

– “Qızıl pillə”nin erotik mövzulara müraciəti TV-də yenilik idi. Mövzunu TV-də aparıcı kimi səsləndirmək müəyyən cəsarət tələb edir. Heç kompleks hiss edirdinizmi?

– Birinci, ikinci verilişlərdə hə. Üstəlik, mətni qabaqcadan yüz ölçüb biçməli olurduq. Mətindən isə yalnız son anda xəbərim olurdu.

– İntim mövzulu verilişin aparıcısı olmaq cəmiyyət içində, tutalım, TV-nin dəhlizlərində, lap küçədə, habelə yaşadığınız binada qonşular arasında sizə problem yaradırdımı?

– Birinci, ikinci, üçüncü verilişlərdə o mövzuda, xüsusən də cazibədar ulduzlar mövzusunda buraxılış edəndə kanalın özünə çox zənglər gəldi. Amma bu günə qədər üzümə tərs-tərs baxan olmayıb. Bəlkə, arxamca kimsə nə isə deyib, amma üzümə nalayiq söz deyən olmayıb.

– O vaxtlar hətta Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova sizin haqqınızda köşə yazısı yazmışdı: “Azərbaycansayağı Anfisa Çexovası və ya TV-də “fahişəlik məktəbi”. O yazıdan bir abzası xatırlatmaq istəyirəm: “Ey Azərbaycan qadınları! Ay bacılar! Siz nəyin xətrinə özünüzü bu günə qoyursunuz? Kimsə sizə deyibsə ki, Anfisa Çexova ilə yarışa girin, aldanmayın! Kimsə sizə deyibsə ki, TV-də özünüzü bu günə qoysanız, sizi arzulayanların sayı artacaq, inanmayın! Desələr ki, küçədə bu verilişdən sonra nəinki qadınlar, hətta özünə hörmət edən kişilər sizin salamınızı almayacaq, inanın! Desələr ki, sizə olan maraq itdi, inanın! Ona görə inanın ki, efirdə artıq özəl həyatınızla bağlı hər şeyi danışdınız. Evinizdəki “kamin”dən tutmuş, “Playboy” jurnalında gördüyünüz özəl paltarlarınıza kimi. İnanın ki, bura Rusiya deyil, Azərbaycandır...”

– Mənim haqımda ilk yazan o deyildi. Veriliş axşam efirə getdi. Səhər bütün saytlar məndən bu sayaq yazırdı.

– Amma razılaşın ki, biri var bunu jurnalist yazsın, biri də var deputat...

– Mən Gülər Əhmədovaya ümumiyyətlə cavab vermədim. Birincisi, məni müzakirəyə çıxaran təkcə o deyil, deputatlar idi. Həm də o qrupda qadınlardan başqa kişilər də vardı...

– Sizə təhdidlər, xəbərdarlıqlar oldumu?

– Şəxsən mənə heç bir təhdid olmadı. Xəbərdarlıq da. Tənqidləri sadəcə qəbul etmirdik. Çünki verilişdən qabaq mövzuları redaktorlar sərbəst yazırdılar, amma seks mövzuları komanda olaraq hər bir cümləsini müzakirə edirdik və bir çox şeylər sətiraltı, eyhamla deyilirdi.

– Ümumiyyətlə, seks mövzusuna müraciət ideyası kimdən gəlmişdi?

– O mövzunun ideyası mənim idi.

– Sizə “Azərbaycanın Anfisa Çexovası” deyən xanım-deputat hazırda məşhur bir siyasi videonun antiqəhrəmanıdır. Necə bilirsiniz, sizin “TV-dəki fahişəlik məktəbi” Azərbaycan cəmiyyəti üçün zərərlidir, yoxsa onun “qaynanalığı”?

– Mən bu barədə heç nə deməyəcəyəm.

– Qadın olduğu üçün?

– İstər qadın olsun, istər kişi. Hətta bir sosial şəbəkədə onun qardaşının şəkillərini qoymuşdular. Altından da kim nə gəldi yazmışdı. O mənim həmkarımdır. Buna görə də mənə pis təsir elədi. Dözmədim, mən də bir şərh yazdım ki, qardaşının öz işi-gücü var, onu bu məsələyə qatmayın.

– Gülər Əhmədova sizin verilişi TV-də “fahişəlik məktəbi” adlandırırdı, yəni sizi əxlaqsızlıqda ittiham edirdi. Yəni sizin danışdıqlarınız onu əməlindən daha əxlaqsız idi?

– Hər halda tamaşaçılar bunu bilir. Mən istəmirəm bu barədə nə isə deyim və o hər halda qadındır, ailəsi-uşaqları var. Açığı, mən o video qalmaqalına sevinmədim.

– Mövzunu bir azca dəyişək. Maraq dairənizi bilmək istərdik. Məsələn, Yaxın Şərqdə gərginliyin artması, neftin qiymətinin enməsi və s. tipli xəbərlər sizin üçün maraqlıdırmı?

– Deyim ki, xəbərləri saatbasaat izləyirəm, yox. Amma gündə bir dəfə xəbərlərə baxıram ki, bilim dünyada nə baş verir. Harada zəlzələ oldu, hansı prezidenti istefaya göndərdilər və s. Əlbəttə, bunlar məni maraqlandırır. Saytlara da gündə bir dəfə baxıram.

– Bəs “yamsıladığınız” Anfisa Çexovanın verilişinə baxmısınızmı?

– Bəlkə də kimsə inanmaz. Anfisa Çexovanın verilişini mənim verilişimlə müqayisə edəndən sonra baxmışam. Onu da deyim ki, əvvəllər onun adını eşitmişdim. Dövlət Televiziyasında işləyəndə də məni ona oxşadırdılar. Amma onda da məni maraq çəkməmişdi ki, bir girim internetə, baxıb görüm bu kimdir. Məhz o hay-küy qalxandan, yazılar yazılandan sonra Anfisa Çexovanı axtarıb tapdım və tanıdım.

– Sizcə, ondan nə isə öyrənməli bir şey var?

– Əslinə qalsa, yox. Çünki o, qabağında meyvə şirəsi, daha çox açıq-saçıq mövzulara toxunur. Mənimlə onun arasında yerlə-göy qədər fərq var. Yəni mən bu bənzətmədən heç də həzz almırdım. Mən ondan qat-qat üstünəm. Məni Anfisa Çexovaya oxşatmaq mənim üçün kompliment deyil. Çünki onu gözəllər gözəli hesab etmirəm. Seksi xanım seçilən Elena Kudryavceva ondan daha cazibədardır.

– İndi təkcə TV-də deyil, Rusiya parlamentində cazibədar xanımlar çoxdur: Alina Kabayeva, Svetlana Kojevnikova. Necə düşünürsünüz, Milli Məclisdə elə xanımlar var?

– Azərbaycan xanımlarının cazibəsi daha yüksəkdir. Mən neçə ölkə gəzmişəm, əcnəbi “ulduzlar”ı görmüşəm, kulis arxasında, makiyajsız. Fərq çox böyükdür. Bizim qadınlar kosmetikasız da gözəlidir.


– TV kimi, kino da surətpərəst sahədir. Kinoya çəkilmək təklifi alırsınızmı?

– Kinoya yox, seriala təklif almışam. Ad çəkməyəcəyəm, amma ssenarini bəyənmədiyimə görə “yox” dedim. Bu, bir ilin söhbətidir. Həm də özümü rolda görmədim.

– Yəqin ki, fotosessiyalarınız olub?

– Bəli, olub. Açıq-saçıq və adi.

– Gözəlliyiniz sizə qonorar qazandırıb?

– Yox, Azərbaycanda ümumiyyətlə bu mümkün deyil.

– Təsəvvür edin ki, yenidən “Qızl pillə”dəsiniz və şou-biznes nümayəndələrini seksi cazibəyə görə onluğa daxil etməlisiniz. 2013-cü ilin ilk üçlüyündə kim olardı?

– Brilliant Dadaşova və Aygün Kazımova, üçüncünü deməyi isə çətinlik çəkirəm. Hər halda olsa idi, ağlıma gələrdi.

– Siz özünüzü orada neçənci görürsünüz?

– Mən “Qızıl pillə”də deyiləm. Mən kənardan izləyənlərdənəm.

– Yazmaq qabiliyyətiniz varmı? Facebook-da status, yaxud şəxsi gündəlik olsun, yazırsınızmı?

– Heç vaxt gündəlik tutmamışam. Sevməmişəm bunu. Amma sosial şəbəkədə varam. Statuslar paylaşıram, fikirlərimi yazıram. Lakin bunu bütün günü eləmirəm. Yəni şəxsi xırdalıqla yazmağı xoşlamıram. Maraqlı məqamlar olanda yazıram. Və ya saytlarda gördüyüm maraqlı bir yazını, videonu paylaşıram.

– Kitab oxuyursunuzmu?

– Son zamanlar yox. Yalnız saytlardan məlumatlar alıram.

– Kimləri oxumusunuz?

– Oy, Tolstoydan tutmuş çoxunu oxumuşam.

– Anna Kareninanın rolunu oynaya bilərsinizmi?

– Mənim üçün çətin olar. Çünki xarakterimə bir az yad gəlir.

– Tərəzinin bir gözünə kişi sədaqətini, digərinə isə kişinin verdiyi hədiyyəni qoysaq, hansını seçərsiniz?

– Hər ikisi qadın üçün daha mühümdür, fərq etmir. Amma qadın öz gözləri ilə xəyanəti görərsə, sədaqət istənilən bahalı hədiyyədən önəmlidir .

– Kişiləri tovlamaq üçün qadına nə lazımdır? Məsələn, bu yaxınlarda bir kitab buraxıldı “Ərə getməyin 46 üsulu”. 47-ci üsul varmı?

– Mən “46 üsul”dan xəbərsizəm, oxumamışam. Ona görə də deyə bilmərəm ki, onun 47-cisi nədir.

– Sizcə, kişi daha çox qazanmalıdır yoxsa daha çox səxavətli olmalıdır?

– Qazanırsa, deməli, həm də səxavət olmalıdır. Yəni onun pulu olmalıdır ki, qadını sevindirə bilsin. Heç bir qadın komplimentdən, xoş sözdən, hədiyyədən imtina etməz.

– Ciddi verilişlərə təklif alsanız, gedərsizmi?

– Bu yaxınlarda bir telekanaldan təklif gəldi. Tam ciddi formatı olan bir veriliş idi. Geyimdə də, saç düzümündə də hər şey ciddi olmalı idi. Çox fikirləşdim. Amma getmədim.

– Xarici TV təcrübəsində belə bir şey var. Məsələn, məşhur polşalı xəbər aparıcısı Karolina Şostak. O, ciddi proqrama çıxarkən də hamının diqqətini danışığı ilə deyil, bədəninin büsqalterinin altından çölə çıxan hissəsi ilə cəlb edir.

– Bizim TV üçün hələ bu çox tezdir.

– Ərinizdən heç danışmadıq. Onun sizin verilişə, efir obrazınıza münasibəti necə idi?

– Düzdür, bir az qısqanclığı var. Onunla bir yerə gedəndə çalışıram ki, şəkil çəkdirmək prosesi olmasın. Çünki xanımlar, qızlar, məktəb uşaqları yaxınlaşanda bir söz demir. Amma yeniyetmə oğlanlar, kişilər yaxınlaşıb mənimlə şəkil çəkdirmək istəyəndə onda hiss edirəm ki, sifət artıq çönür. Mən özüm də çalışıram ki, hər insanla şəkil çəkdirməyim. Çünki hamıya inanmaq olmaz. Yəni baxır məclisə, insanlara. Çünki müəyyən şeylərdən qorxuram.

Tutaq ki, zəng vurur mənə ki, haradasan? Deyirdim, montajda. Montaj qurtardı, birbaş evə. Yəni getdiyim, gəldiyim yeri bilir. Yəni saatlarımacan bilir ki, nə işlə məşğulam. Ona görə də ehtiyac yoxdur ki, nədənsə şübhələnsin, məni güdsün və s. Qısqanclıq gətirəcək telefon zənglərdir. Mən nə bilim ki, hansısa başı xarab zəng edib tanış olmaq istəyəcək və s. Artıq bunlar xırda narazılıqlar yaradır. Hərdən elə olub ki, telefona özü götürüb cavab verib. O su, mən odam.

– Bildiyimə görə, o da İncəsənət Universitetini bitirib. İndi hansı sahədə çalışır?

– Tamam başqa bir sahənin adamıdır. Sənətini sonradan dəyişib. Aviasiyaya keçib. İncəsənətə-filana baş qoşmur, sevmir. Mənim verilişlərimə də baxmırdı. Ümumiyyətlə, şou xarakterli verilişləri sevmir. Daha çox xarici kanallara baxır.

Özüm də çalışırdım ki, verilişlərimə çox baxmasın. Çünki baxan kimi mütləq bir şey tapırdı. Tutaq ki, divanın yuxarısında oturmuşam deyir ki, yer tapmadın da normal adamlar kimi oturmağa. Mən də çox üz vurmurdum ki, baxmır lap yaxşı.

– Heç sevgi etirafı etmisinizmi?

– Əvvəllər mənə elə gəlirdi ki, qadın nədir, “sevirəm” demək nədir. Düşünürdüm ki, bunu yalnız kişilər etməlidir. Mən hətta ərimə də utanan-utana “səni sevirəm” demişəm. Mən o qadınlardan ki, içimdə olanı çölə büruzə verə bilmirəm. Bir növ, sevgimi çox da göstərə bilmirəm. İndi də bu söz mənim leksikonumda çox da işlənən söz deyil.

– Şou-biznesin nümayəndələri ilə yaxın təmasda olmusunuz. Onlar haqqında ümumi qənaətiniz nə oldu?

– Bu mühitdə yalan çox, dostluq isə yox dərəcəsindədir. Varsa da çox cüzidir.

– Kimi verilişinizdə çağıranda çəkinmisiniz?

– Alim Qasımova zəng edəndə çox qorxurdum. Zəng vurdum və məni çox təəccübləndirdi. Səsimi eşidən kimi “Aaa, Zema, sənsən”, – dedi və verilişə gəldi.

– “Qızıl pillə”dən sonra yeni layihəniz gözlənilirmi?

– Bir neçə təklif almışam, inşallah yaxında tamaşaçıları yeni sürpriz gözləyir.

– Tədbirlərə girdiyiniz zaman insanların, xüsusi ilə kişilərin baxışları sizi qıcıqlandırmır?

– Söhbət kişi baxışlarından gedirsə, hə, onların hamısının baxışlarında bir sual var: “Görəsən, bu qız həyatda da ehtiraslıdır?” Odur ki, kompleks yaşayıram.

– “Ehtiraslı qadın”ın eybi varmı?

– Çox astagələm, hər yerə gecikirəm. Məni tanıyanlar bilir. Yadıma gəlmir ki, harasa vaxtında çatım, həmişə buna görə danlanmışam, heç cür düzələ bilmirəm. Hamıya inanıram, özüm kimi bilirəm, başım daşdan daşa dəyməyənə qədər.

– Çox dəyib?

– O qədər... olub. Dost kimi bildiyim insanlar məni özlərinə rəqib biliblər və s.

– Zemfira yaddaşlarda nə cür qalmaq istəyir?

– Əslində həmişə arzum aparıcı yox, kinoaktrisa olmaq olub. Baş və müsbət rolda. Nə üçünsə xəyallarımda filmdə oynayıram və bu film dünya müsabiqələrində uğur əldə edir, məsələn, “Oskar” mükafatı... Eh, əl çatmaz arzudur mənim üçün. Amma bunu edib artıq yadda qalmaq istəyərdim.

– Seksi Zemanın seksə münasibəti?

– Hə, buna deyirlər, yaxşı yerdə axşamladıq. Bir kəlmə ilə deyə bilərəm ki, seksin əhval-ruhiyyəyə böyük təsiri var.

Azərbaycanın teleaparıcı seks həyatından danışdı - FOTOLAR
Azərbaycanın teleaparıcı seks həyatından danışdı - FOTOLAR
Azərbaycanın teleaparıcı seks həyatından danışdı - FOTOLAR
Azərbaycanın teleaparıcı seks həyatından danışdı - FOTOLAR
Azərbaycanın teleaparıcı seks həyatından danışdı - FOTOLAR