"Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında olan qarşılıqlı inam və etimad iki ölkənin strateji tərəfdaşa çevrilməsini şərtləndirən başlıca amil kimi çıxış edir. Vladimir Jirinovski ciddi siyasi fiqur obrazını çoxdan itirib.  Azərbaycan ötən il 44 günlük Vətən Müharibəsində öz ərazi bütövlüyünü bərpa edib, beynəlxalq hüququn tələblərini yerinə yetirib. Rusiya sülhməramlı kontingentinin bu gün Azərbaycan ərazisində yerinə yetirdiyi missiyanın məqsəd və mahiyyəti ilə Jirinovskinin açıqlaması arasında çox kəskin ziddiyyət var.

Bunu Unikal.org-a açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda”ya müsahibəsi haqqında fikirlərini bölüşən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

M. Abbaszadə vurğulayıb ki, V. Jirinovskinin  sərsəm açıqlamaları Rusiyanın öz maraqlarına qarşı yönəlib: “Azərbaycanın Rusiya ilə münasibətləri də məhz qarşılıqlı etimada əsaslanır. Jirinovski kimilərinin fikirlərini qınayırıq və bunun Azərbaycan-Rusiya münasibətlərinə də xələl gətirə bilməyəcəyini qeyd edirik”.

Seymur Əli