Kollecdəki rüşvət şəbəkəsinin ifşasında nazir özünə hansı təhlükə görür?

Təhsil naziri Misir Mərdanov Bakı Dövlət Sosial İqtisad Kollecində korrupsiya şəbəkəsinin ifşasından narahatdır. Nazir qorxur ki, kollecdəki həbslər onun özünə qarşı çevrilə bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl, daha dəqiq desək, fevralın 7-də Bakı Dövlət Sosial İqtisadi Kollecində antikorrupsiya əməliyyatı keçirilib. Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həmin gün qəfildən kollecə gələrək, bütün çıxışları bağlamış, müəllim və tələbə heyətinə kollecin binasını tərk etməyə imkan verməmişdir.

Kollecin direktoru olan Mübariz Mahmudovun otağındakı bütün əşyaları, bilgisayarları, hətta dəmir seyfi belə möhürləyərək, axtarışlara başlamışlar.

Məlumatda qeyd olunurdu ki, bir neçə saatlıq axtarışlardan sonra tələbələri üstlərini yoxlayaraq buraxan əməliyyatçılar saat 20.15 radələrində kolleci tərk ediblər.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları kollecin rəhbərliyinə aid olan şəxslərin də evlərində paralel axtarışlar keçiriblər. Kollecin direktoru Mübariz Mahmudov və onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov həbs olunaraq, prokurorluğa aparılıb. Məlumatlara görə, sonuncu iki nəfərin üzərindən rüşvət verildiyi iddia olunan pullar çıxıb.

Bu məlumatın yayılmasından iki gün sonra o rəsmən təsdiqlənib. Belə ki, Baş prokurorluqdan bildirilib ki, Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Bakı Dövlət Sosial İqtisad Kollecində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilib. Açıqlanıb ki, kollecin direktoru və digər 3 əməkdaş həbs edilib.

Misir Mərdanovu narahat edən isə adı mətbuatda uzun illərdir korrupsiya yuvası kimi hallanan və davamlı qəzetlərdə haqqında kəskin ittihamların səsləndiyi adıçəkilən kollecdəki həbslərin bir ucu Təhsil Nazirliyi rəhbərliyinə yönələ bilər. Çünki kollecdəki korrupsiya şəbəkəsinin nazirlikdə də uzantılarının ola biləcəyi şübhəsi var. Bu şübhə müəlliflərinə görə, əgər kollec rəhbərliyini ölkənin «təhsil bossları» tərəfindən himayə edənlər olmasa, bu təhsil müəssisəsində korrupsiyanın belə dərin kök salması, genişlənməsi qeyri-mümkündür.

Digər tərəfdən Təhsil Nazirliyi mətbuatın bu qədər yazdıqlarından sonra Bakı Dövlət Sosial İqtisad Kollecində rüşvət və korrupsiyanın aradan qaldırılması istiqamətində hansı səbəbdən heç bir ciddi, təsirli addımlar atmayıb? Ən azı kollec rəhbərliyinin dəyişdirilməsi, orada yeni və qanunsuz əməllərdən uzaq rəhbərliyin formalaşdırılması mümkün deyildimi?

Bax, bütün bu suallar Mərdanovu da narahat edir və o rəqiblərinin onu vurmaq üçün hər fürsət gözlədiyi bir vaxtda həmin sualların cavabını vermək məcburiyyətində qalacağından narahatdır.

İqtidar içindəki anti-Mərdanovçu çevrələrin isə Bakı Dövlət Sosial İqtisad Kollecindəki həbsləri təhsil nazirinin üzərinə yönəltmək və onun məsuliyyətini qabartmaq üçün əlindən gələni edəcəyi isə şübhəsizdir. Bu cəhdlərin baş tutub-tutmayacağı, Misir Mərdanovu çətin vəziyyətdə qoyub-qoymayacağı isə qarşıdakı günlərdə aydınlaşacaq.