Tağı Əhmədov üçün çətin sual
Bakı metrosunda sərnişinlərin pulları hara gedir?

Son vaxtlar Bakı metrosunda pul yükləmək sərnişin üçün müşkülə çevrilib. Bu barədə metro sərnişinləri iddia edirlər.

İddialara görə, plastik karta gediş haqqını yükləmək üçün sərnişin stansiyanın vestibüllərində yerləşən kartyükləmə aparatlarından istifadə etməkdə çətinlik çəkir. Bu azmış kimi bəzən yüklədiyin məbləğ gediş kartına oturmur.

Belə problem üzləşən vətəndaşlardan birinin dediyinə görə, metrodan karta gedişhaqqı yükləyərəkən problemlə üzləşib. Onun karta pul yükləmək istədiyi 2 manat balansa oturmayıb. Stansiyadakı kassaya müraciət edəndə isə kartın bloka düşdüyünü deyiblər.

Bakı Metropolitenindən isə kartın bloka düşməsini ciddi problem hesab etmirlər. Bildirirlər ki, vətəndaş elə bir halla rastlaşdıqda metronun Cəfər Cabbarlı stansiyasında yerləşən analiz şöbəsinə müraciət etsin. Orada kart blokdan çıxarılaraq sərnişinə verilir. Metro rəsmiləri kartın bloka düşməsini kartın köhnə olması və ya aparatda yaranmış nasazlıqla əsaslandırırlar.

Bu isə istər-istəməz Bakı metrosunda istifadə olunan gediş kartlarının keyfiyyət problemini gündəmə gətirir. Digər tərəfdən alınan keçid aparatlarının keyfiyyət məsələsi də adamı düşündürür.

İş burasındadır ki, bu işlər üçün büdcədən metropolitenə ayrılan dotasiyadan kifayət qədər ciddi rəqəmlərlə ifadə olunan pullar xərclənir. Amma sonda da kartların, avadanlıqların keyfiyyət problemi ortaya çıxır.

Və ya metro eskalatorlarının keyfiyyəti. Eskalatorların təmirə dayanması adət halını alıb. Əlbəttə onların təmirə dayandırılmasında qəribə heç nə yoxdur. Amma yalnız ilk baxışda! Ancaq eskalatorların tez-tez təmirə dayanması istər-istəməz suallar doğurur.

Bütün bunlar isə sonucda metropolitenin vəsaitlərinin bəzən doğru xərclənmədiyinə dair söz-söhbətlərə rəvac verir. Əlbəttə, demək çətindir ki, hörmətli «metro şefi» Tağı Əhmədov belə söz-söhbətlərə nə qədər ciddi yanaşır. Amma reallıq ondan ibarətdir ki, metropoliten avadanlıqlarının keyfiyyəti ilə bağlı problemləri bəzən hamımız yaşayırıq, əlavə vaxt və pul itkisi ilə davamlı üzləşirik. Elə yazının əvvəlində haqqında bəhs etdiyimiz və çox sayda sərnişinin üzləşdiyi, təzəlikcə adət halını alan problemin özü kimi!