Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, nəzərdə tutulan məhdudiyyətlərlə əlaqəli müəyyən olunan qaydalara etinasız yanaşan, xarici himayədarlarının təsiri ilə Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə Şababa oğlu bu gün feysbuk üzərindən canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.

Bununla əlaqədar R.Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edilir ki, infeksiya şəraitində dini mərasimlərinin keçirilməsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir.

Murad İbrahimli