Azərbaycan prezidenti İlham Əliyev “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı edib. APA-nın məlumatına görə, prezident çıxışında ölkədəki infrastruktur layihələri, ərzaq təhlükəsizliyi, fermerlərə dəstək, korrupsiyaya qarşı mübarizə və s məsələlərdən danışıb.

“10 ili əhatə edən bir dövr arxada qalacaq”

Bu ilin sonuna qədər ikinci Dövlət Proqramının icrası təmin ediləcək. Beləliklə, 10 ili əhatə edən bir dövr arxada qalacaq. Ancaq artıq bu gün də demək olar ki, həm 2004-cü ildə, həm 2009-cu ildə qəbul edilmiş iki Dövlət Proqramının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır. Əgər bu proqramlar qəbul edilməsəydi, indi bölgələrdə gedən inkişafdan söhbət aparmaq belə yersiz olardı. Məhz, 2004-cü ildə qəbul edilmiş bu qərar ölkəmizin hərtərəfli, dayanıqlı və şaxələndirilmiş şəkildə inkişafını təmin etmişdir.

Birinci Proqram artıqlaması ilə icra edilmişdir. Proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər ondan sonrakı illərdə əlavə edilmişdir. 2009-cu ildə də qəbul edilmiş Proqrama çoxsaylı əlavələr edilmişdir. Çünki həyat yerində durmur, ölkə qarşısına yeni vəzifələr çıxır. Biz bu proqramların icrası əsnasında yeni məsələlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmüşük. Bir sözlə, bu Proqram daim yenilənir. Beləliklə, bölgələrdən gələn təkliflər, sifarişlər, mənim bölgələrdə olduğum zaman yerli vətəndaşlarla görüşlər zamanı verilən təkliflər, əlbəttə ki, bu proqramlara əlavə edilir. Eyni zamanda, 2009-cu ildə ikinci Proqram qəbul olunandan sonra Prezidentin ehtiyat fondundan bölgələrin inkişafına böyük həcmdə vəsaitin ayrılması təmin edilmişdir. Xüsusilə infrastruktur, nəqliyyat, kənd yollarının bərpası və abadlıq işlərinin görülməsi üçün.

Bu gün səslənən fikirlər və ümumiyyətlə, ölkədə gedən müsbət dəyişikliklər deməyə əsas verir ki, bu ilin sonuna qədər ikinci Dövlət Proqramının tam icrası təmin ediləcək. Bu Proqram, yenə də demək istəyirəm ki, artıqlaması ilə icra ediləcək. Bu ilin sonuna qədər Dövlət İnvestisiya Proqramında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır.

Hesab edirəm ki, bu il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi keçənildəkindən az olmamalıdır. Keçən il 22,1 milyard dollar vəsait qoyulmuşdur. Bu il də hesab edirəm ki, bu qədər vəsait qoyulmalıdır. Çünki həm dövlət xətti ilə və özəl sektorun fəaliyyəti nəticəsində hesab edirəm ki, biz bu rəqəmə çatacağıq. Bu da şübhəsiz, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatdırılmasına xidmət göstərəcək.

“İnfrastruktur layihələrinin davam etdirilməsi vacibdir”

İlk növbədə, infrastruktur layihələrinin davam etdirilməsi vacibdir. Bu istiqamətdə görülən işlər müsbət qiymətləndirilə bilər və davam etdirilməlidir. Xüsusilə magistral yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi məsələləri ön plandadır. Demək olar ki, kənd yollarının tikintisi indi bütün bölgələrdə geniş vüsət almışdır. Bölgələrdən gələn əhali tərəfindən verilən təkliflər, edilən xahişlər əsasında biz bu layihələri icra edirik. İlk növbədə, biz əhalinin ən çox sıx məskunlaşdığı bölgələrdə, ən çox kəndləri birləşdirən yolları bərpa edirik. Qarşıya məqsəd qoyulub ki, bütün kənd yollarımız yüksək səviyyədə təmir edilsin, beləliklə, bu məsələ də öz həllini tapsın.

Elektrik enerjisinin təchizatı ilə bağlı son illər ərzində görülən işlər nəticəsində, demək olar ki, artıq qıtlıq hiss olunmur. Çünki son illərdə 1500 meqavat gücündə yeni elektrik stansiyalarının tikintisi təmin edilmişdir. Bu proses davam etdirilir. Bu il Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının işə düşməsi nəticəsində biz təqribən 800 meqavata qədər yeni güclər əldə edəcəyik. “Şimal-2” elektrik stansiyasının tikintisi davam edir. Bu da təqribən 400 meqavata yaxındır. Yəni, bu, bizim enerji potensialımızı böyük dərəcədə möhkəmləndirəcək. Eyni zamanda, su elektrik stansiyalarının tikintisi davam etdirilir. Keçən il biz kiçik çaylarda bir neçə stansiyanın açılışını qeyd etmişik. Eyni zamanda, böyük layihələrin icrası ilə paralel olaraq su elektrik stansiyalarının və bərpa olunan alternativ enerji növlərinin yaradılması prosesi gedir. Mən onların arasında bu yaxınlarda Füzuli Su Elektrik Stansiyasının açılışını qeyd edə bilərəm. İyirmi beş meqavat gücündə olan stansiya bərpa olunan enerji növüdür.

Bakıda, Balaxanıda məişət tullantıları zavodunun tərkib hissəsi olan elektrik stansiyasının tikintisi artıq başa çatmışdır. Biz orada da təqribən 20 meqavata yaxın elektrik enerjisi əldə edəcəyik.

Taxtakörpü su anbarı tikilir və bu il bu nəhəng infrastruktur layihəsi istifadəyə veriləcəkdir. On minlərlə hektar torpaq sahələri suvarılacaq və eyni zamanda, bu layihənin tərkib hissəsi olan 25 meqavat gücündə olan su elektrik stansiyası da tikiləcəkdir. Yəni, bizdə kifayət qədər enerji gücləri vardır.

Bildiyiniz kimi, Azərbaycan hazırda qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Ancaq ötürücü xətlərin vəziyyəti bizi qane edə bilməz. Bu məsələ ilə bağlı artıq göstərişlər verilmişdir. Bu ilin investisiya proqramında da ötürücü xətlərin yeniləşdirilməsi məsələsi nəzərdə tutulur. Biz bu məsələyə daha da ciddi fikir verməliyik və bütün ötürücü xətlərin vəziyyətini qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Bölgələrdə və Bakıda buna böyük ehtiyac vardır.
Bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı işlər başlamışdır. Ümid edirəm ki, bu istiqamət də çox perspektivli olacaqdır. Beləliklə, bizim zəngin qaz, neft yataqlarımız, ehtiyatlarımız var və bundan sonra ən azı 100 il ərzində Azərbaycanda daxili mənbələrlə, yəni, enerji mənbələri ilə heç bir problem olmayacaq. Ancaq hesab edirəm ki, bərpa olunan enerji növlərinin yaradılması və bu prosesin genişləndirilməsi də zəruridir. İlk növbədə bu, bizə əlavə maliyyə imkanları yaradacaq. Digər tərəfdən, bu yeni texnologiyaların, bərpa olunan texnologiyaların, “yaşıl energetika”nın yaradılması hesab edirəm ki, dünyada gedən ekoloji problemlərin həllinə də bizim töhfəmiz olacaq.

İnfrastruktur layihələri arasında qazlaşdırma prosesi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, əvvəlki dövrdə verdiyim tapşırıqlar yerinə yetiriləcək və bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 90 faizə çatacaq. Bu sahədə böyük investisiya layihələri icra edilir. Bütün bölgələrdə qazlaşdırma prosesi gedir. Biz rayonların əksəriyyətində qazlaşdırmanı 100 faizə çatdırmalıyıq və çatdıracağıq. Bəzi dağlıq rayonlarda isə təqribən ondan aşağı səviyyədə ola bilər. Ancaq yenə də bütün bölgələrdə, bütün kəndlərdə dayanıqlı enerji növləri ilə bağlı öz işimizi görəcəyik. Əhalini dayanıqlı enerji ilə, qazla təmin edəcəyik.

İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Keçən il Dövlət İnvestisiya Proqramı çərçivəsində bu məqsədlərə böyük həcmdə vəsait qoyulmuşdur. Bu il də təxminən 800 milyon manata yaxın, bəlkə ondan da çox vəsait nəzərdə tutulur. Yenə də biz məqsədi maksimum şəkildə götürürük ki, bütün yaşayış məntəqələrində - Bakıda, bütün şəhərlərdə və kəndlərdə dayanıqlı, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su layihələri icra edilsin.

Bu işlər bütün bölgələrdə geniş vüsət almışdır. Bütün dövrlərdə qarşımızda duran bu böyük problem əminəm ki, yaxın illərdə öz həllini tapacaqdır. Onu da qeyd etmək istəyirəm ki, biz bu layihələri əhalinin artımını nəzərə almaqla elə qururuq ki, ən azı 2035-ci ilə qədər öz səmərəsini təmin etsin. Beləliklə, bu məsələ həll ediləndən sonra demək olar ki, bütün bölgələrdə kommunal və infrastruktur layihələri icra olunacaqdır.

İnvestisiya Proqramında böyük yer tutan layihələrdən biri də meliorasiya layihələridir. Bu layihələr bilavasitə kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ölkəmizdə iki nəhəng, bəlkə də qeyri-neft sektoruna qoyulan ən böyük investisiya tutumlu layihə - Taxtakörpü və Şəmkirçay su anbarları layihələri icra edilir. Bayaq qeyd etdiyim kimi, Taxtakörpü su anbarı bu il, Şəmkirçay su anbarı isə yəqin ki, iki ildən sonra istifadəyə verilməlidir. Bu iki əvəzolunmaz layihənin icrası nəticəsində 10 minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə buraxılacaqdır. Giriş sözümdə dediyim kimi, bu, həm ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün çox vacibdir, eyni zamanda, əlavə ixrac potensialı da yaradacaq. Bu layihələrin icrası nəticəsində dövriyyəyə buraxılacaq on minlərlə hektar torpaq sahələrində aqrotexniki tədbirlərin görülməsi üçün biz indidən öz planlarımızı tutmalıyıq. Əlavə texnika alınmalıdır. Biz bir neçə ildir ki, “Aqrolizinq” xətti ilə dövlət büdcəsindən ayrılan vəsaitlə texnikanın alınması ilə məşğuluq və texnika əhaliyə, fermerlərə icarə şərtləri ilə verilir. Yəqin ki, əlavə texnika, gübrələr alınmalı və digər tədbirlər görülməlidir ki, fermerlər dövriyyəyə buraxılacaq bu yeni torpaqlardan səmərəli şəkildə istifadə etsinlər.

Eyni zamanda, yeni suvarılacaq torpaqları su ilə və digər lazımi avadanlıqlarla təmin etmək üçün kompleks tədbirlər planı olmalıdır. Hesab edirəm ki, bu işlər indidən başlanmalıdır. Düzdür, müvafiq göstərişlər verilmişdir. Amma hesab edirəm ki, yaxın aylarda mənə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha konkret təkliflər verilməlidir. Yeni suvarılacaq torpaqların hüdudları meliorasiya şirkəti ilə bərabər müəyyən edilməlidir ki, biz artıq bütün yeni torpaqların becərilməsinə hazır olaq və beləliklə, vaxt itirməyək.

“Heç kim fermerin puluna gözünü dikməsin”

İri fermer təsərrüfatlarının yaradılması prosesi başlamışdır. Bildiyiniz kimi, mən bu tapşırığı bir neçə il bundan əvvəl vermişdim. Ancaq keçənildəki müşavirədə öz iradlarımı bildirmişdim ki, baxmayaraq, göstərişlər verilib, heç bir iş görülmür. İndi hesab edirəm ki, keçən il ərzində görülən işlər bu prosesə də təkan vermişdir. Artıq beş min hektara qədər torpaq sahələri ayrılıb, Ağcabədi və Beyləqan rayonlarında iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılması artıq təmin edilibdir. Biz əlbəttə, o sahələrdən bol məhsul gözləyirik. Hesab edirəm ki, orada məhsuldarlıq da yüksək olmalıdır. Bu layihələrin icrası nəticəsində biz taxılla özümüzü təmin etmək üçün çox ciddi addım atmış oluruq. Mən özümüzü təminetmə sahəsində gedən işlərə indi toxunacağam. Ancaq demək istəyirəm ki, verilən məlumata görə, ən azı 50 böyük fermer-taxılçılıq təsərrüfatları yaradılmalıdır ki, biz özümüzü taxılla tam şəkildə təmin edək.
Özümüzü təmin etmək niyyətimiz bir neçə səbəbə söykənir. İlk növbədə, ərzaq təhlükəsizliyi məsələləri. Ərzaq təhlükəsizliyi məsələləri son illərdə artıq gündəliyə çıxan məsələlərdir. Daha əvvəl biz ən çox enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ilə məşğul idik və deyə bilərəm ki, bu məsələlərin həllində böyük uğurlar əldə etmişik.

Azərbaycan tərəfindən nəqliyyat və enerji sahələrində irəli sürülmüş təşəbbüslər və layihələr nəinki bizim maraqlarımızı və bölgə maraqlarını, qitə maraqlarını təmin edir və edəcək. Azərbaycan artıq bu sahələr üzrə əvəzolunmaz tərəfdaşa çevrilibdir. Deyə bilərəm ki, Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Beləliklə, artıq biz neft resurslarımızla bəzi ölkələrin enerji təhlükəsizliyini təmin edirik. Bizim təşəbbüsümüzlə başlanan TANAP layihəsi isə Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcək.
Beləliklə, Azərbaycan qaz sahəsində də enerji təhlükəsizliyi məsələlərinin həlli işində əvəzolunmaz tərəfdaşa çevriləcək. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması nəticəsində biz yeni, daimi dəhliz yaradırıq. Bu dəhlizdən istifadə edəcək ölkələrin sayı artacaq. Artıq aparılan ikitərəfli danışıqlar əsnasında biz bir çox yerlərdən bu layihəyə marağı görürük. Onu da qeyd etmək istəyirəm ki, bu layihənin başlanması Azərbaycan dövlətinin iradəsinə söykənir. Əlbəttə, biz bu layihənin təşəbbüskarı kimi üzərimizə böyük məsuliyyət götürmüşük. Çox şadam ki, bizimlə bərabər bu layihənin icrasında iştirak edən qonşu ölkələr də öz dəyərli səylərini, töhfələrini verirlər.

Ərzaq təhlükəsizliyi məsələləri isə nisbətən yeni bir anlayışdır. Yəni, bu, anlayış kimi yeni deyilsə də, amma problem kimi son illər ərzində yaranmışdır. Bunun bir neçə səbəbi vardır. Mən bu barədə çox danışmaq istəmirəm. Bəzi hallarda inhisarçılıq, bəzi hallarda quraqlıq, bəzi hallarda alternativ yanacağın istehsalı üçün bitkilərdən istifadə edilməsi və əkin sahələrinin istiqamətinin dəyişdirilməsi. Hər halda biz özümüz də bir neçə il bundan əvvəl bu problemlə üzləmişdik. Yəqin, indi hamımızın yadındadır ki, bağlanmış kontraktların icrası da, yəni idxalla bağlı icrası da artıq sual altına düşmüşdü. Çünki bəzi istehsalçı ölkələrdə quraqlıq baş vermişdir. Onlar taxılla öz daxili tələbatlarını ödəyə bilmirdilər. Biz əlbəttə ki, bu vəziyyətdən də çıxdıq, çıxılmaz vəziyyət yoxdur. Ancaq bu, bizim üçün bir siqnal idi. Özünütəmin məsələlərinə bir daha baxdıqda gördük ki, burada inkişaf üçün çox böyük yer vardır.

Əlbəttə, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, biz dünya iqtisadiyyatına çoxdan inteqrasiya etmişik və bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Ancaq eyni zamanda, hesab edirəm ki, hər bir ölkədə, xüsusilə təbii iqlim şəraiti imkan verdikdə əsas ərzaq məhsulları ilə özünütəmin məsələləri həll edilməlidir. Biz də son illər ərzində bu istiqamətdə böyük işlər görmüşük. Mən bu barədə bir qədər sonra bəzi rəqəmləri diqqətinizə çatdıracağam.

Mən kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki müşavirədə də demişdim, bu gün də təkrar etmək istəyirəm. Çünki hesab edirəm ki, bu sahədə hələ ki, çox ciddi işlər görülməmişdir.

Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. Göstərişlər verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə hər rayon üzrə konkret təkliflər verilməlidir. Hansı rayonda hansı kənd təsərrüfatı məhsullarını daha da çox istehsal etməliyik və bunu etmək üçün hansı əlavə tədbirlər görülməlidir. Çünki biz ümumi göstərişlər veririk. Məsələn, hər bir kənd təsərrüfatı məhsulunun Azərbaycanda istehsalı hesabına daxili tələbatı ödəmək, ixrac imkanlarını artırmaq üçün ümumi göstərişlər verilir. Amma bunlar bu rayonlar arasında necə bölünür, yəqin ki, bu məsələ ilə bağlı daha dəqiq təkliflər verilməlidir.

Hesab edirəm ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi üçün artıq vaxt yetişib. Bildiyiniz kimi, ümumiyyətlə, yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik. Aqrar sahədə də İKT məsələlərinin həlli hesab edirəm ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat sisteminin yaradılması məsələsi dayanır. Bu layihə bir neçə məqsədi güdəcəkdir. Həm subsidiyaların səmərəsini artıracaq və həm də pay torpaqlarının sərhədləri bir daha dəqiqləşdiriləcəkdir. Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz müasir texnologiyaları kəndlərə də gətirməliyik. Artıq bu sahədə böyük layihə icra edilməyə başlayır. Biz bütün şəhərlərə genişzolaqlı internet xətləri çəkəcəyik. Bu, bir neçə milyon manat dəyərində olan layihədir. Əhəmiyyəti nəzərə alınaraq bu layihə Dövlət Neft Fondunun xətti ilə və Rabitə və İnformasiya Nazirliyinin nəzarəti altında birbaşa maliyyələşdirilir. Yəni, biz genişzolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik. Bu, bizim niyyətimizdir. Paralel olaraq kənd təsərrüfatının inkişafında informasiya texnologiyalarından istifadə etməliyik. Elektron hökumət layihəmiz vardır. Hesab edirəm ki, kəndlərdə də bu məsələ öz həllini tapmalıdır.

Bayaq qeyd etdiyim kimi, biz keçən il iri fermer təsərrüfatlarının yaradılması ilə məşğul olmağa başlamışıq və artıq nəticələr vardır. Bu təşəbbüs sırf ərzaq təhlükəsizliyi məsələlərinin həllini nəzərdə tutur. Burada xüsusi dövlət dəstəyi verilmişdir. Bu da təbiidir, çünki ərzaq təhlükəsizliyi məsələləri ön planda dayanmalıdır. Ancaq biz bilməliyik ki, kənd təsərrüfatı istehsalının mütləq əksəriyyətini təmin edən xırda fermer təsərrüfatlarıdır. Əlbəttə, onlar da yaddan çıxmır və çıxmayacaqdır. Son doqquz il ərzində bölgələrdə, xüsusilə kənd təsərrüfatı və emal sahələrində aparılan işlər və verilən dəstək məhz xırda fermer təsərrüfatlarına verilən dəstək olmuşdur. Yəni, bu sahə daim diqqət mərkəzində olmalıdır.

Bildiyiniz kimi, biz kənd təsərrüfatını stimullaşdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyin aradan qaldırılması üçün kompleks tədbirlər görürük. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı illərin ortalarından kəndlərdə köklü iqtisadi islahatlar başlamışdır. Fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişdir və bu gün də biz bu güzəştləri qüvvədə saxlayırıq. Baxmayaraq ki, artıq 20 ilə yaxın vaxt keçir və fermerlər də artıq ayağa durdular, böyük imkanlara malikdirlər. Azərbaycan da çox böyük inkişaf yolu keçmişdir. Ancaq biz bu güzəştləri qüvvədə saxlayırıq, hesab edirəm ki, bu, düzgün siyasətdir.
Hər bir dövlət fermerləri dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz də bunları edirik. Bizim verdiyimiz subsidiyalar, həm də kreditlər çoxşaxəlidir. Mən qeyd etdim, 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Onlardan 83 faizi bölgələrin aqrar sektoruna ödənilmişdir. Texnikanın alınması, aqrolizinqin yaradılması bizim təşəbbüsümüz olmuşdur. Maldarlığın inkişafı. Dövlət xətti ilə damazlıq mal-qara gətirilir. Dünən növbəti Sərəncam imzalanmışdır. Dövlət, hökumət tərəfindən metodik tövsiyələr verilir. İqtisadi İnkişaf Nazirliyinin bu sahədə artıq gözəl təcrübəsi vardır. Fermerlərə hətta metodik qaydada göstərilir ki, nə qədər vəsaitlə hansı işləri görmək mümkün olacaqdır. Əlbəttə, subsidiyalar, yəni, maddi təminat. Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 faiz çatsın.

Ona görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyibdir. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!

Özümüzü təminetmə ilə bağlı bir neçə rəqəmi səsləndirmək istəyirəm. Biz əsas ərzaq məhsulları üzrə aşağıdakı səviyyəyə çatmışıq. Ət və ət məhsulları ilə biz keçən il özümüzü 92 faiz səviyyəsində təmin etmişik, bu il 95 faiz səviyyəsində təmin edəcəyik. Quş əti - 88 faiz, bu ilin sonuna qədər olacaq 93 faiz. Yumurta 96 faiz, bu il verilən proqnoza görə 100 faiz olacaqdır. Bitki yağları 70 faiz, qalxacaqdır 75 faizə. Kərə yağı 50 faiz, bu il olacaq cəmi 52 faiz. Bu, çox aşağı göstəricidir. Bu barədə düşünmək lazımdır. Süd və süd məhsulları ilə özümüzü 73 faiz səviyyəsində təmin edirik. Bu ilin sonunadək 78 faiz olacaqdır. Taxıl 65 faiz, olacaqdır 70 faiz və dediyim kimi, 50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz 100 faizə çatacağıq. Üzüm 94 faiz, 96 faiz olacaqdır. Kartof istehsalı təxminən 100 faizdir. Bu səviyyədə də qalacaqdır. Bostan məhsulları 100 faiz. Artıq bu ildən böyük ixrac imkanları yaranacaqdır, faizin səviyyəsi 104 olacaqdır. Meyvə və giləmeyvə - 126 faiz, olacaq 130 faiz. Yəni, böyük ixrac imkanlarımız vardır. Tərəvəz 99 faiz, olacaq 108 faiz. Duz 71 faiz, olacaqdır 75 faiz. Şəkər və şəkərdən hazırlanan məhsullar. Burada biz bilməliyik ki, cəmi 12 faiz yerli xammal ilə təmin olunur. Ancaq idxal edilən digər xammallar ilə təmin olunan şəkər və məhsullar 180 faiz olacaqdır.
Bu cədvəl ilk növbədə, bu sahədə görülən işləri göstərir. Çünki misal üçün, əgər biz bəzi pozisiyalar üzrə 2009-cu illə müqayisə aparsaq görərik ki, quş əti o vaxt 66 faiz idi, bu il olacaq 93 faiz. Ət 84 faiz idi, olacaqdır 95 faiz. Bu da nəyin hesabına – Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlərin hesabına. Çünki iki il bundan əvvəl biz görəndə ki, quşçuluq bizdə bir qədər az inkişaf edir, o istiqaməti götürdük və quş fabriklərinin yaradılması prosesi geniş vüsət almışdır.

Yəni, bu cədvəl onu göstərir ki, əslində, bəzi pozisiyalar istisna olmaq şərtilə biz ərzaq təhlükəsizliyi məsələlərini həll edə bildik. Bu da böyük və tarixi nailiyyətdir. Bundan sonrakı illərdə, harada ki, hələ biz özümüzü təmin edə bilmirik, o sahələrə xüsusi diqqət verilməlidir, İqtisadi İnkişaf Nazirliyi bunu bilir. O sahələrə verilən kreditlərin həcmi artmalıdır və elə etməliyik ki, yaxın illərdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etsin və bu, tarixi nailiyyət olacaqdır. Bayaq qeyd etdiyim kimi, biz ixrac imkanlarını da araşdırmalıyıq və xarici bazarlara ixrac məhsulları ilə çıxmalıyıq.

Heyvandarlıq, südçülük, bağçılıq, üzümçülük – bu sahələrin inkişafı üçün çox böyük imkanlar vardır, eyni zamanda, biz məhsuldarlığın artırılmasına da nail olacağıq. Son illər ərzində yaradılan, yaxud da ki, yaradılmaqda olan yeni müəssisələr məhz ona hesablanıbdır. Orada yeni texnologiyalar, bütün məsələlər kompleks şəkildə həll olunur. Yeni fermer təsərrüfatlarında məhsuldarlıq, məsələn, taxılda 40-50 sentnerə çatmalıdır. İndi bizdə orta hesabla hər hektardan 27 sentner məhsul əldə etmişik ki, bu da əvvəlki illərə nisbətən yaxşı göstəricidir. Ancaq inkişaf etmiş ölkələrdə hektardan 50, 60, bəzi yerlərdə 70 sentner götürülür. Biz də o səviyyəyə çatmalıyıq. Bizdə artıq həm təcrübə, həm imkanlar, həm iradə, həm də vəsait vardır. Onları yönəltməliyik ki, məhsuldarlığı biz böyük dərəcədə artıraq. Ona görə yeni əkin sahələrinin dövriyyəyə buraxılması prosesi gedəcəkdir. Meliorativ tədbirlər nəticəsində dediyim kimi, 10 minlərlə hektar əkin sahələri dövriyyəyə buraxılacaqdır. Amma biz bilməliyik ki, sərhədlərimizin hüdudları vardır. Biz daim əkin sahələrini artıra bilmərik. Ona görə, intensiv metod üstünlük təşkil etməlidir və dediyim kimi, ixrac imkanlarını da biz artırmalıyıq, yeni bazarlara çıxmalıyıq. Yəqin ki, bu sahədə də, yeni, bazarlara çıxmaq üçün, əlbəttə, ikitərəfli xarici əlaqələr öz rolunu oynayır və oynayacaqdır. Eyni zamanda, istehsal olunan məhsulların tədarükü ilə bağlı yeni sistem təşkil edilməlidir. Mən hesab edirəm ki, dövlət bu məsələ ilə bağlı yalnız öz dəstəyini verməlidir, öz istiqamətini göstərməlidir və tədarüklə məşğul olan qurumlar - özəl şirkətlər olmalıdır. Hesab edirəm ki, logistika və tədarük mərkəzlərinin yaradılması növbəti mərhələdə prioritet kimi qəbul edilməlidir, həm Azərbaycanda, həm də məhsul ixrac edəcəyimiz ölkələrdə Azərbaycanın investisiyalarının qoyuluşu nəticəsində o ölkələrdə logistika və tədarük bazaları tikilməlidir. Artıq müəyyən işlər görülür.
Hesab edirəm ki, bu il bu məsələ ilə bağlı müvafiq ölkələrlə, onların dövlət qurumları ilə ciddi danışıqlar aparılmalıdır ki, biz bu işləri də təşkil edək. Çünki məhsulların satışı ilə də bağlı problemlər var və bu problemlər öz həllini tapmalıdır. Əvvəlki illərdə istehsal aşağı səviyyədə olduğu üçün problem yox idi. İndi istehsal artır, məhsullar bəzi hallarda satılmır. Biz gərək fermerlərə kömək göstərək.

Kreditlərə gəldikdə, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 250 milyon manat kredit veriləcəkdir. Bu vəsaitin böyük hissəsi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına olacaqdır. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, kreditləri alan sahibkarlar bu məsələyə çox məsuliyyətlə yanaşırlar. Demək olar ki, verilmiş bütün kreditlər vaxtında qayıdır. Sahibkarlara dəstək üçün yerli icra orqanlarının daha da ciddi fəaliyyəti olmalıdır.

“Korrupsiyaya qarşı mübarizədə istəyimizə nail ola bilməmişik”

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcək. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyil. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda var. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaq. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülüb. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır.

“…Müdafiə edirlər, komitələr yaradırlar”

Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq-mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar. Eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır. Onların arasında elektron xidmət, ASAN xidməti, elektron hökumət təşəbbüsü, bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət olacaq. ASAN xidmət proqramı artıq tətbiq edilir. İlin sonuna qədər ən azı Bakı, Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərləri tam şəkildə əhatə olunacaq. Ən azı! Ola bilər, başqa şəhərlər də ilin sonuna qədər bu sistemlə təmin ediləcək. Növbəti illərdə ölkəmizin bütün şəhərlərində bu sistem tətbiq edilməlidir. Biz bunun gözəl nəticələrini görürük.

“Sənayeləşmə gedir”

Sənaye istehsalı ilə bağlı biz düzgün istiqamət seçmişik. Sənayeləşmə gedir. Keçən ilin göstəriciləri də bunu sübut edir. Qeyri-neft sektorunda sənaye istehsalı artmışdır, sənaye parkları tikilir. Yüksək texnologiyalar parkı, - xüsusilə nəzərə alsaq ki, bu il “İnformasiya-kommunikasiya texnologiyaları ili”dir, - İnformasiya Texnologiyaları Universiteti yaradılacaq. Orada hazırlanan kadrlar həmin yüksək texnologiyalar parkında işləyəcəklər. Digər sahələrdə də sənaye istehsalı daha da sürətlə getməlidir.
İnşaat materialları sahəsində. Biz inşaat materialları ilə özümüzü tam şəkildə təmin etməliyik. Ümid edirəm ki, yeni istifadəyə verilmiş sement zavodu və tikilməkdə olan digər sement zavodları bir neçə ildən sonra sementlə özümüzü təmin etmək üçün bizə imkan yaradacaq. Alüminium istehsalı artıq müasir əsaslarla başlayıb. Qarşıda metallurgiya sənayesinin dirçəldilməsi məsələləri dayanır. Onları da biz həll etməliyik. Yəni, bizim bütövlükdə sənaye istehsalının artırılması ilə bağlı düşünülmüş proqramımız vardır. Texnoparklarda xüsusi maliyyə və vergi rejimləri tətbiq edilir və dövlət yenə də öz tərəfindən sənayenin inkişafının dərinləşməsi üçün töhfəsini verəcək.

Texnoparklar artıq yaradılır. Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı artıq bir neçə ay bundan əvvəl müvafiq göstərişlər verilib, başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki, bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaq.

9 milyon 356 min nəfər

Ölkəmizdə demoqrafik vəziyyət müsbətdir. Birinci Proqram qəbul olunandan bu günə qədər əhalimizin sayı 1 milyon 86 min nəfər artıb. 2003-cü ildə əhalimiz 8 milyon 270 min, 2012-ci ildə 9 milyon 356 min olmuşdur. Yəni, bu da çox müsbət göstəricidir. Ölkəmizin ümumi inkişafını göstərir və mən çox şadam ki, Azərbaycanda əhali artır, çox istərdim ki, daha da sürətlə artsın. Hər halda, görülən işlər, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, iqtisadi inkişaf, bölgələrin inkişafı - bu amillər bu müsbət meylləri daha da gücləndirəcək.

“Heç kim bizə dərs deyə bilməz”

Bölgələrdə gedən işlərlə bağlı, eyni zamanda, turizmin inkişafını da qeyd etmək istəyirəm. Nəinki Bakıda, bölgələrdə müasir turizm kompleksləri yaradılır. Əlbəttə, bu komplekslər bölgələrdə yeni iş yerlərinin açılmasını, yeni infrastrukturun yaradılmasını təmin edəcək. Mən şadam ki, artıq bu istiqamətdə işlər yüksək səviyyədə aparılır və bölgələrdə yaradılan yeni turizm obyektləri dünya səviyyəsindədir, yəni, dünya səviyyəsindən aşağı deyil.

İnvestisiya qoyuluşu. Bəlkə də bu, bilavasitə regionların inkişafı ilə bağlı olan məsələ deyildir. Ancaq onu da qeyd etmək istəyirəm ki, biz xaricə qoyulan investisiyaların coğrafiyasını genişləndiririk. Biz regiondan başlamışıq. Biz ən çox investisiyaları region ölkələrinin iqtisadiyyatına qoyuruq. Ondan sonra investisiyaların bir hissəsini artıq Avropa ölkələrinə qoymağa başlamışıq. Hazırda, hesab edirəm ki, investisiya qoyuluşu üçün perspektivli olan bölgə Asiya qitəsidir. Asiya ölkələri ilə bütövlükdə bizim münasibətlərimiz çox uğurla, çox müsbət inkişaf edir. Bu münasibətlər bütövlükdə qarşılıqlı hörmət, etimad, bir-birinin işinə qarışmamaq, bir-birinə dərs oxumamaq prinsipləri əsasında qurulub. Ona görə, bu güclü siyasi əlaqələri nəzərə alaraq, biz Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. İlk növbədə, o bölgə investisiya qoyuluşu baxımından çox cəlbedicidir və hesab edirəm ki, bizim üçün çox münasibdir. Eyni zamanda, Asiya ölkələrinin şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsi üçün yeni imkanlar açılır və mən bunu alqışlayıram.
Biz bütün ölkələrlə səmərəli, işgüzar münasibətlərə malikik. Bizim yeganə istəyimiz ondan ibarətdir ki, hər bir ölkə Azərbaycan ilə öz münasibətlərini bərabərhüquqlu tərəfdaş kimi qursun. Biz bunu istəyirik, bunu tələb edirik və buna nail oluruq. Biz bütün ölkələrlə onların ölçüsündən asılı olmayaraq bərabərhüquqlu münasibətlər qururuq. Bundan kənarda heç bir münasibət ola bilməz. Heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur, ola da bilməz, heç kim bizə dərs deyə bilməz. Üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatların haqqı yoxdur ki, bizə hansısa irad tutsun. Bunu hamı bir daha eşitsin, siz və kimə aiddir, onlar da. Yəni, investisiya portfelimizin şaxələndirilməsi işində hesab edirəm ki, Asiya, Latın Amerikası istiqamətləri hazırda cəlbedici görünür.

Gələcək planlarımızla bağlı deyim ki, artıq bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaq. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq üçüncü Dövlət Proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə üçüncü Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaq və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcək.

“Azərbaycan düzgün yoldadır”

Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir. Biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük, rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik. Biz böyük maliyyə imkanlarına malikik. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. Bu, dünya miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşüb, işsizlik aradan qaldırılır və biz gələcəyə baxırıq. Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir. Əminəm ki, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır. Bu inkişafı təmin etmək üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və ölkənin inkişafı üçün daha da səmərəli işləməlidirlər.