Balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi, populyasiyasının artırılması, ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi məqsədilə 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq.

Bunu Unikal.org-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kür çayına, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin buraxılması planlaşdırılır: “Biz bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq. Balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək”.