Xəbər verdiyimiz kimi, Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika institunda yoxlamalar aparıb. Yoxlamaların nəticəsində institutda ciddi nöqsanlar aşkarlanıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən deputat Vahid Əhmədov bildirib ki, AMEA-da yoxlamaların aparılması düzgün qərardır:

"Çünki orada baş verən özbaşınalıqlar və yeyintilərlə bağlı mütəmadi olaraq mətbuatda məlumatlar yayılır. İndi görünür ki, müəyyən yoxlamalar aparılıb. Bildiyiniz kimi, Hesablama Palatası çox ciddi bir orqandır. Palatanın apardığı yoxlamaların nəticəsi ya prokurorluq orqanlarına müraciətlə həll olunur, ya da nöqsanlar aşkarlanan təşkilatın rəhbərliyinə təqdimatlar göndərilir. AMEA-nın Fizika institutunda aparılan yoxlamaları nəzərdən keçirmək lazımdır. Əgər cinayət tərkibi varsa, məsələ hüquq-mühafizə orqanlarına göndəriləndən sonra müəyyən həbslər ola bilər".

Murad İbrahimli