Bakıda bir qrup şəxs əks-göstəriş sertifikatını almaq istəsə də, problemlə üzləşiblər. Qeydiyyatda olduqları poliklinikalar müəyyən səbəblər göstərərək vətəndaşlara sertifikat verməkdən imtina ediblər.

Unikal.org İTV-yə istinadən xəbər verir ki, poliklinikaya bütün hazır sənədlərlə müraciət edənlər arasında mənfi cavab alanlar və həkim tərəfindən kobud rəftarla qarşılaşanlar az deyil.

Ekspertlər də təsdiq edir ki, əks-göstəriş sertifikatının verilməsi prosesində müəyyən nöqsanlar mövcuddur.

Qeyd edək ki, koronavirusla bağlı əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim etməlidir. Hər bir müraciət edən şəxs birinci növbədə poliklinikaya, öz sahə həkiminə getməlidir. Əgər şəxsin ambulator kartında həmin xəstəliyi təsdiq edən göstəricilər varsa, həmin xəstələr protokollaşdırılacaq.

ÜST-ün təqdim etdiyi siyahıda peyvənd vurulması məqbul sayılmayan xəstəliklər var. Əks göstəriş sertifikatı bu şəxslərə verilir:

- COVID-19 xəstəliyinə qarşı vaksinin tərkibindəki hər hansı bir maddəyə kəskin allergik reaksiyası olanlar;

- Xroniki xəstəliklərin kəskinləşməsi dövründə

- Hamilə qadınlar;

- Süd verən analar;

- Onkoloji xəstələrin aktiv müalicə aldıqları dövrdə.