Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov Ağdaş Şəhidlər Xiyabanı kompleksində Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin məzarlarını ziyarət edib.

Unikal.org xəbər verir ki, eyni zamanda Vətən müharibəsində rayonun Orta Ləki kəndinin şəhidləri İsrəfilov Anar İsrəfil oğlunun, Məmmədov Rəcəb Yolçu oğlunun, Vəliyev Azər Vəli oğlunun, Ərəbocağı kəndinin şəhidi Osmanov Məhəmməd Seymur oğlunun və Ağdaş şəhərinin şəhidi Məmmədov Elvin Eldəniz oğlunun ailə üzvləri ilə də görüşlər keçirilmişdir. Millət vəkilişəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin diqqət mərkəzində saxlanılacağı vurğulanmış, həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi  bildirilib.

Görüş zamanı 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən söz açılmış, adlarını Vətən tarixinə qızıl hərflərlə yazan şəhidlərimizin keçdiyi döyüş yolları və qəhrəmanlıqları barədə söhbət edilmiş,  onların daim hörmət və ehtiramla yad edildiyi, gələcək nəsillərə örnək olduğu qeyd olunmuşdur. Şanlı Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanaraq belə mərd, vətənpərvər övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkür bildirilib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağı və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb. 

Dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvləri ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.