Yəmənin şimalında hakimiyyəti ələ keçirən husilər ölkənin mərkəzi hissəsindəki Əl-Beyda əyalətini də tam nəzarətə götürüblər.

Unikal.org xəbər verir ki, bu barədə "Əl-Masirah" telekanalı məlumat yayıb.

48 saat davam edən son əməliyyat nəticəsində əyalətin çox hissəsi ələ alınıb.

Ərəb koalisiyası Yəmən hakimiyyətinə dəstək olaraq husilərə qarşı 30-dan çox hava hücumu təşkil edib. İki gün davam edən döyüşlərdə hökumət ordusunun 70 əsgəri öldürülüb, 120 nəfər yaralanıb və 40 nəfər əsir götürülüb.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan indiyədək hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir. Bu il husilər hökumətin nəzarətində olan bir sıra strateji əhəmiyyətli əyalətlərə, xüsusən də şimaldakı Marib əyalətinə qarşı hücumlarını gücləndiriblər.