Ağsuda əhalinin narazılığı və ölkə başçısının məmurlara sərt xəbərdarlığı DSMF sədri ilə Ənvər Seyidəliyevi təlaşlandırıb
Prezidentin iki gün əvvəl keçirilən müşavirədə bəzi məmurlara və onların övladlarına, ələlxüsus da vətəndaşları incidən, onların problemlərinin həllinə laqeyd yanaşan və vətəndaşlara yuxarıdan aşağı baxan icra başçılarına qarşı sərt xəbərdarlığı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun narahatlığına səbəb olub. Müslümovun Ağsu rayonunun icra başçısı olan dayısı Ənvər Seyidəliyev də əndişəlidir.

Məsələ burasındadır ki, hazırda Ağsuda ictmai və sosial narazılıq pik həddədir. Əhali işsizlikdən, yoxsulluqdan, məmur özbaşınalığından şikayətçidir, eyni zamanda rayonun az qala Səlim Müslümov və onun icra başçısı olan dayısının qohumları tərəfindən özününküləşdirilməsi yerli əhalidə hiddət yaradıb.

Hazırda Ağsuda az qala bütün əsas vəzifələr Müslümovun və Seyidəliyevin yaxınlarının nəzarətindədir. Rayon sakinlərinin bildirdiyinə görə, «Kapitalbank"ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin doğma qardaşıdır. Səlim Müslümovun bibisinin əri, dolayısı ilə də Ənvər Seyidəliyevin qohumu Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur. Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə Səlim Müslümovun başqa qardaşı, yəni Seyidəliyevin başqa bir dayısıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə, o, rayon polis şöbəsinin rəis müavini işləyir.

Bütün bunlar işsizlik, yoxsulluq içində çabalayan Ağsu rayonunda yerli məmurlardan ciddi narazılıq yaranıb. Həmin narazılığın başlıca hədəfi isə məhz icra başçısının özüdür - çünki sakinləri incidən məmurlar yuxarıda da qeyd etdiyimiz kimi ya Seyidəliyevin qohumlarıdır, ya da birbaşa onun himayə etdiyi, özünə yaxın bildiyi məmurlarıdır.

Rayonda sosial partlayış təhlükəsi yarandığını yaxşı bilən Müslümov və onun dayısı prezidentin məlum və kəskin xəbərdarlığının güdazına gedəcəklərindən qorxurlar. Onlar başa düşürlər ki, rayonda ən kiçik bir narazılıq vəzifələrini və azadlıqlarını itirmələri ilə yekunlaşa bilər.

Ağsulular isə artıq ölkə başçısının kəskin tənqidlərindən icra başçısının və onun himayəçisi olan dayısının hansı nəticə çıxaracaqlarını gözləyirlər. Əks təqdirdə bunun necə nəticələr verəcəyini Müslümov və Seyidəliyevin proqnozlaşdırması bir o qədər də çətin deyil. (Unikal qəzeti)