Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Unikal.org-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.