Cənubi Koreya prezidenti Moon Jae-in ölkədə it əti istehlakını qadağan etməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, koreyalıların böyük əksəriyyəti it əti yemir. Ölkədə it ətinə tələbat da son illərdə azalıb. Bununla birlikdə, Cənubi Koreyada it əti sənayesi üçün hər il bir milyon itin kəsildiyi təxmin edilir.

Baş nazirlə görüşü zamanı Prezident Moonun "qadağanın vaxtı gəldiyini" söylədiyi bildirilib. İt sevgisi ilə tanınan Moon, it əti istehlakının qadağan edilməsini təklif edən ilk prezident olub.

2020-ci ildə aparılan bir araşdırmaya görə, Cənubi Koreyalıların 84%-i heç vaxt it əti yeməyib və gələcəkdə də yeməyi planlaşdırmırlar. 59% isə it ətinin qadağan edilməsini dəstəkləyir. İt əti ticarətinə uzun müddət etiraz edən heyvan hüquqları qrupları da Prezident Moonun planını müsbət qarşılayıblar.

Gələn il keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, it əti məsələsinin siyasi gündəmlərdən biri olacağı gözlənilir. Bəzi namizədlər artıq it ətinin istifadəsini qadağan edəcəklərini vəd ediblər.