5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün lazım olan sənədlər müəyyənləşib.

Unikal.org-un məlumatına görə, bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısna aşağıdakılar daxildir:

- qəyyumluğu təsdiq edən sənədin surəti;

- qəyyum kişinin 5 və daha çox uşağı 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün:

- atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;

- uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.