Artıq yayın isti günlərini yola salıb, payızın soyuq günlərini yaşayırıq. Bu isə artıq soyuq havalarda nə yediyimizə xüsusilə diqqət edəcəyimiz mənasına gəlir. Payız fəsli qış üçün immun sistemini möhkəmləndirmək və vitamin-mineral depolama zamanıdır. Bəs necə qidalanaq ki, bu soyuq aylarda immunitetimizi güclü saxlayaq? 

Mövsümi meyvələrlə qidalanın

Mövzu ilə bağlı Unikal.org-a açıqlama verən diyetoloq PhD. Dr Turxan Baratzadə deyir ki, payız bədəni qışa hazırlamaq mövsümüdür: “Sarı-narıncı meyvələrlə yaxşı qidalanmaq lazımdır. Mövsümə uyğun antioksidantlarla dolu meyvələrin - böyürtkən, zoğal və C vitamini deposu olan mandarini, portağalı düzənli olaraq istifadə etmək orqanizmimiz üçün faydalıdır. Xərçəng və mənfi xolestrolu qovan, ürək-damar xəstəliyi riskini azaldan antioksidan maddələri depolamalıyıq”. 

A vitaminini əskik etməyin

Mövsümi meyvə və tərəvəzlərdən düzənli olaraq istifadə etmək sağlamlığımız baxımından çox faydalıdır. Diyetoloq deyir ki, mövsümü bitməkdə olan pomidor və yeni çıxmaqda olan kök və balqabaq ilə A vitaminlərini qəbul edə bilərik: “Pomidorun tərkibindəki faydalı maddələr ağciyər, prostat və uşaqlıq xərçənginin yaranmasının qarşısını almağa kömək edir. Kökün narıncı maddəsi isə göz sağlamlığı üçün faydalıdır. İtburnu çayı C vitamini ilə zəngindir”. 

Balıq məhsulları payızın əvəzolunmazıdır

Diyetoloq deyir ki, bol-bol meyvə-tərəvəz qəbul etmək lazımdır: “Meyvə-tərəvəzdəki liflər mədə-bağırsaq sisteminin çalışmasına kömək edir. Həmçinin payız aylarında qida rasionumuza balıq məhsullarını daxil etməliyik. Balıq məhsullarında olan vitaminlər, omega 3, B6, B12 vitaminlərini depolayın, yaddaş funksiyalarınızı artırın” . 

Şirniyyatla bədəninizi doldurmayın

İmmunitetimizi gücləndirmək istəyiriksə təzə fındıq, fıstıq, qoz düzənli olaraq qəbul edilməlidir - deyən diyetoloqun sözlərinə görə, faydalı omega3, omega6, omega9 depolamaq çox xeyirlidir: “Ət, toyuq, balıq, göbələk və paxlalılardan protein və lifləri, süd məhsullarından isə kalsium və protein alaraq immunitetimizi güclü saxlaya bilərik. Axşamlar telefon və televizor başında abur-cubur yeyərək, bədəninizi şirniyyat və digər kalorili yeməklərlə dolduraraq sağlamlığınıza ziyan vurmayın.  Davamlı olaraq su için. “Onsuz da hava soyuqdur, susamıram”-  deyərək bədəninizi susuz saxlamayın. Evdə passiv şəkildə oturaraq bədən yağlarını artırmayın.”  

Sağlıqlı qidalanma yalnız mövsümi bir şey deyil. Ona görə bütün fəsillərdə sağlamlığımıza və qidalanmamıza diqqət yetirək ki, immunitetimiz güclü olsun, tez-tez xəstələnməyək. 

Könül Oruc