"Bu, böyüklər arasında iştirak etdiyim 10-cu dünya çempionatı idi. Nəhayət ki, istədiyimi əldə etdim. Dünya çempionu oldum. İlk dəfə 2009-cu ildə mundialda iştirak etmişdim. Həmin yarışda 5-ci yeri tutmuşdum. 2019-da qızıl medalın bir addımlığında qaldım".

Unikal.org xəbər verir ki, bunu karyerasında ilk dəfə dünya çempionu olan Rafiq Hüseynov deyib. 

"Təəssüf ki, finalda uduzdum. Bu dəfə həlledici görüşdən əvvəl Nur-Sultandakı finaldan sonra necə məyus olduğumu yadıma saldım. Özümə dedim ki, eyni hissi yaşamaq istəmirsənsə, bu dəfə çempion olmalısan.

"Çox sevinirəm. Görüşdən sonra 44 işarəsi göstərdim. Bununla da qələbəmi 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr etdiyimi bildirdim. Onların sayəsində mən bu gün rahat məşq edib, dünya çempionu oldum. Onların ruhu qarşısında baş əyirəm.

Atam neçə illərdir məni dünya çempionu kimi görmək istəyirdi. Ona görə də finaldan sonra üzümü kameraya tutub, "ata, oğlun dünya çempionudu" dedim.

Parterdə səhv buraxdım. Gözləyirdim ki, atam buna görə irad bildirəcək. Ancaq gözlədiyim kimi olmadı. Atamın hələ belə sevindiyini görməmişdim. Heç Olimpiadada medal qazananda belə sevinməmişdi", - deyə Yunan-Roma güləşçisi bildirib.