Türk lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana gətirilən məhsulların qiymətində ucuzlaşmaya səbəb olmalıdır. 

Bu sözləri Unikal.org-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçı bildirib ki, türk lirəsi 2018-ci ildən ucuzlaşmağa başlayıb. Hazırda türk lirəsi tarixi minimumlardadır: “Təxminən 1 dollar 10 lirəyə yaxınlaşır. Amma bütün bunlara baxmayaraq, bu illər ərzində türk məhsullarının ucuzlaşmasının şahidi olmadıq. Buna əsas səbəb isə, rəqabətsizlik mühitinin olması, fərdi sifarişlərin məhdudlaşdırılması ilə bağlıdır. Çünki sifarişçi ötən ilin əvvəllərində min dollara yaxın məhsul sifariş verə bilirdisə, bu rəqəm üç yüz dollara salındı. Pandemiya şəraitində onlayn ticarətin artdığını nəzərə alaraq Azərbaycan hökuməti əksinə, bu rəqəmi daha da artırmalı idi, amma təəssüf ki, məhdudlaşdırma oldu. Bu da fərdi qaydada bizneslə məşğul olan, Türkiyədən mal gətirərək, yaxın çevrəsində satıb həm özü pul qazanan, həm də qiymətlərin tənzimləməsində rol oynayan kiçik sahibkarlara böyük zərbə vurdu”. 

N.Cəfərli qeyd edib ki, azərbaycanlı iş adamları Türkiyədən məhsul alarkən dollardan istifadə edirlər: “Dolların qiymətinin qalxması, lirənin ucuzlaşması hər 100 dollara daha çox məhsul almaq imkanı yaradır. Bu da Azərbaycana gətirilən məhsulların qiymətinə pozitiv təsir etməli və qiymətlər ucuzlaşmalıdır. Amma təəsüf ki, bunu görmürük”.

Könül Oruc