“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və mərdliyi hesabına 44 günlük Vətən müharibəsində zəfər əldə etmişik. Bu gün də dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir”.

Unikal.org-un xəbərinə görə, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə Baş prokurorun müavini Heydər Məmmədov deyib.

O bildirib ki, Müzəffər Azərbaycan Ordusu müharibədə qələbə qazanıb: “Prokurorluq orqanları media orqanları ilə əlaqələri hər an genişləndirməyə çalışır. Bu il KİV əməkdaşlarının 1423 sorğusu cavablandırılıb. Eyni zamanda vətəndaşlarla aktiv iş şəraitinin qurulması üçün instaqram səhifəsində vətəndaşlarla sorğu-sual təşkil edilib”.