“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA market” MMC-nin Satış Əməliyyatları Şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Bu barədə Unikal.org-a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırma zamanı müəyyən edilib ki, həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadə 28.03.2017-ci il tarixdən 21.05.2018-ci il tarixdədək olan müddətdə cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf edib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.