Gəncədə memarlıq üzrə elmlər doktoru, Beynəlxalq Memarlıq Akaemiyasının müxbir üzvü, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Azərbaycan Memarlıq İttifaqının üzvü, professor Rayihə Əmənzadənin “Gəncənin memarlıq salnaməsi (XII-XIX əsrlər)” adlı kitabının təqdimat mərasimi keçirilib.

Unikal.org xəbər verir ki,  mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA-nın Gəncə şəhər bölməsinin sədri, akademik Fuad Əliyev, iş adamı Etibar Hacıhüseynov, “Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova və ziyalılar iştirak ediblər. 

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək “Gəncənin memarlıq salnaməsi (XII-XIXəsrlər)” adlı kitabın Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncə şəhərinin memarlıq tarixinin öyrənilməsinin, şəhərin tarixi nüfuzunun daha da artıracağını qeyd edib. O vurğulayıb ki, bu kitab Gəncənin mədəniyyət aləminə böyük töhfədir və şəhər ictimaiyyəti kitabdan bəhrələnəcəkdir. 

Tədbirdə çıxış edən elm adamları və ziyalılar bildiriblər ki, “Gəncənin memarlıq salnaməsi (XII-XIX) əsrlər” kitabı ölkəmizin ikinci böyük şəhəri olan, Cümhuriyyətimizin ilk paytaxtı Gəncənin zəngin memarlıq ənənələrindən bəhs edir. Onlar kitabın Azərbaycan memarlığı tarixinə həsr edilmiş tədqiqat işlərinin və kitabların cərgəsində öz layiqli yerini tutacağına əmin olduqlarını ifadə ediblər. 

Daha sonra professor Rayihə Əmənzadə çıxış edərək iştirakçılara kitab haqqında geniş məlumat verib.

 “Coğrafi baxımdan xüsusi mövqeyə sahib olan Azərbaycan müxtəlif dövrlərdə yadellilərin hücumlarına məruz qalıb, müharibə meydanına çevrilib. Lakin bütün bunlara baxmayaraq, ölkə ərazisində gözəl memarlıq abidələri tikilib. Bu abidələr arasında özünəməxsusluğu və xüsusi koloriti ilə seçilən isə Gəncə memarlığıdır. İnanıram ki, "Gəncənin memarlıq salnaməsi (XII XIX əsrlar)" kitabı xüsusi olaraq mütəxəssislər və memarlıqla maraqlananlar üçün nəzərdə tutulsa da, geniş oxucuların da diqqətini çəkəcək” –deyə o əlavə edib. 

Sonda Rayihə Əmənzadə kitabın ərsəyə gəlməsində və göstərilən dəstəyə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, iş adamı Etibar Hacıhüseynova, “Şərq-Qərb” nəşriyyat evinə, o cümlədən əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib.