Telekanal «şef»i İTV-yə ayrılan pulları neyləyib?

İsmayıl Ömərov ötən il büdcədən İTV-yə ayrılan vəsaitlərin bir hissəsini təyinati üzrə xərcləməyib. Söhbət həmin pulların telekanal «şef»inin şəxsi biznes qalmaqalının həllinə yönəldilməsindən gedir.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, 2012-ci ildə dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) 15 milyon manatdan bir qədər artıq vəsait ayrılıb. Amma həmin vəsaitin bir hissəsinin fərqli istiqamətə yönəldildiyinə dair şübhələr var.

Şübhələr isə İsmayıl Ömərovun tikinti biznesi ilə bağlı yaranmış qalmaqaldan irəli gəlir. Belə ki, Ömərovun nəzarətindəki tikinti şirkəti ilə vətəndaşlar arasında narazılıq yaranıb. Bildirilir ki, həmin tikinti şirkəti İTV rəhbərinin qardaşı Ələsgər Ömərov tərəfindən idarə olunurmuş.

Ümumiyyətlə isə Ömərovların tikinti imperiyasına “Arabaçı” kiçik müəssisəsi, “Folklor”, “Fateh” və “Nes” MTK-lar daxildir. Təxminən ilyarım əvvəl yayılan

məlumatlarda bildirilirdi ki, “Folklor” və “Fateh” MTK-lar əsasən Əhmədli qəsəbəsində, “Arabaçı” və “Nes” isə Yeni Yasamalda göydələn ucaltmaqla məşğuldur.

İsmayıl Ömərovun tikinti şirkətinin insanlara 26 milyon manat borcunun olması barədə iddialar ötən il ortaya çıxıb və hətta bəzi deputatlar tərəfindən də dilə gətirilib. «Unikal»ın araşdırmalarına görə borclu olan ”Fateh" tikinti şirkətidir. Bu şirkətin rəsmi sənədlərində onun İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərova məxsus olduğu açıq göstərilib. Amma şirkətin əsl sahibi kimi məhz İsmayıl Ömərovun adı çəkilir.

Bildirildiyinə görə, «Fateh» şirkətinin Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında ucaltdığı çoxmərtəbəli bina uzun illərdir ki, istifadəyə verilmir. Həmin binanın tikintisinə 2005-ci ilin yay aylarında başlanılsa da, hələ də tamamlanmayıb. Halbuki vətəndaşlara 2 il ərzində binanın istifadəyə veriləcəyi bildirilib.

Binanın inşasının gecikməsi maliyyə problemləri ilə əsaslandırılıb, halbuki oradakı mənzillərin böyük hissəsi hələ əvvəlcədən satılıb və toplanan pullar binanın vaxtında tikilməsinə artıqlaması ilə kifayət edirdi. Amma görünür, vətəndaşların pullarını ciblərinə qoyanlar onların mənzillərini vaxtlı-vaxtında sahiblərinə çatdırmaq məsuliyyətinin fərqində olmayıblar.

Vətəndaşların narazılığı baş qaldıranda və məsələ ictimailəşəndə isə Ömərovlar möhkəm əl-ayağa düşüblər, xüsusilə İTV sədri bəzi mənzil tikinti kooperativləri ətrafındakı qalmaqalların sonradan onların sahiblərinə necə baha başa gəldiyini anlayaraq, narazılıq alovunu erkən söndürməyə qərar verib. Bunun üçün də mənzillərdən imtina edən vətəndaşların pullarının geri qaytarılması qərarlaşdırılıb, həmin pulların bir hissəsi banklardan birindən götürülən kreditlər, bir hissəsi isə məhz büdcədən İTV-yə ayrılan vəsaitin müəyyən bir qisminin «silinməsi» hesabına geri ödənilib.

Məlumatı verən mənbələr iddia edir ki, hazırda İsmayıl Ömərov İTV-də hər hansı maliyyə təftişinin aparılmasının qarşısını almağa çalışır; xüsusilə Hesablama Palatasının İctimai Televiziya və Radio Yayımları Şirkətində yoxlamalar apara biləcəyindən əndişələnir. Çünki əks təqdirdə İTV-yə ayrılan büdcə vəsaitlərinin müəyyən bir hissəsinin qeyri-şəffaf və qeyri-təyinati üzrə xərcləndiyi ortaya çıxacaq.

Bunun isə Ömərova nə qədər baha başa gələ biləcəyini söyləmək artıqdır.
İsmayıl Ömərovun 15 milyon manatlıq büdcə əməliyyatı