Hacıbala Abutalıbov vədinə xilaf çıxdı
Bakıdakı uşaq bağçasında pul problemi

Bakının Xətai rayonunun ərazisində yerləşən uşaq bağçası ilə bağlı şikayət məktubu daxil olub.

Rəna adlı oxucu yazır ki, Xətai rayonunda yerləşən 288 saylı uşaq bağçasına gedən övladı üçün hər ay 50 manat pul ödəyir: “Amma başqa bağçalarda aylıq pul çox aşağıdır. Elə bağçalar var ki, 10 manat, 20 manat ödənilir. Bu bağça yaxın olduğuna görə uşağı ora qoymuşuq, amma nə qədər olmasa da, çox çətindir ayda əlli manat ödəmək. Evimizin aylıq gəliri 350-400 manatdır, bizim üçün əlli manat ödəmək çətindir. Bağça yaxşıdır, müəllimləri, yeməyi, içməyi qaydasındadır, şikayətim yoxdur”.

Bağçanın direktoru Ulduz Ələsgərova isə məsələ ilə bağlı milli.az-a açıqlamasında bildirib ki, bağçaya gəlməyə görə uşaqlardan pul alınmır. Direktorun sözlərinə görə, sadəcə, valideynlərin təklifi ilə xüsusi dərnəklər təşkil olunur və həmin dərnəklərə pul ödənilir: “Bağçamız nümunəvidir, uşaqlara qayğı göstərilir. Gəlib siz də baxa bilərsiniz.”.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Kamran İsmayılov isə bildirib ki, valideyinin şikayəti araşdırılmalıdır. Lazım gələrsə, valideyin və bağça rəhbəri dəvət olunaraq məsələyə aydınlıq gətiriləcək.

Qeyd edək ki, dövlət uşaq bağçalarında təhsil pulsuzdur.

Və onu da qeyd edək ki, ötən il uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin nəzarətinə verilib. Bundan bir qədər sonra isə paytaxtın icra başçısı Hacıbala Abutalıbov bəyan edib ki, uşaq bağçalarının fəaliyyətindəki neqativliklər ən qısa vaxtda aradan qaldırılacaq, yeni uşaq bağçalarının açılması sürətlənəcək, fəaliyyətdə olan uşaq bağçaları genişlənəcək, rüşvətdən əsər-əlamət qalmayacaq.

Amma istər yuxarıdakı şikayətdən, istərsə də son vaxtlar mətbuatda paytaxtın uşaq bağçaları ilə bağlı artan digər narazılıqlardan, şikayətlərdən Abutalıbovun vədlərinin elə vəd olaraq da qaldığı, məktəbəqədər təhsil müəssisələri ilə bağlı «köhnə hamam, köhnə tas» prinsipinin davam etdiyi aydın görünür. Bir sözlə, Hacıbala müəllim ənənəsinə sadiqdir: söz var, iş yoxdur.