Bakıda şirkətdə fəhlə faciəvi şəkildə ölüb.

Bu barədə Unikal.org-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulan tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.