Marketlərdə hər zaman vitrində olan qiymət aşağı, kassada skanerdə olan qiymət isə yüksək olur.

Bu sözləri Unikal.org-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O deyib ki, hələ bir dəfə də olsun görməmişik ki, qiymət vitrində yüksək, skanerdə aşağı olsun: “Soruşanda isə bəhanə gətirirlər ki, yanlışlıq olub, yaddan çıxıb. Əgər yaddan çıxırsa, niyə bir dəfə də olsun, əksinə olmur”. 

Birliyin sədrinin sözlərinə görə, istehlakçının hüququ var ki, vitrində nə qiymət görübsə onu da versin: “İstehlakçı mütləq mağazanın rəhbərliyinə məlumat verməli, vəziyyəti dəyişdirmək üçün təşəbbüs göstərməlidir. İqtisadiyyat Nazirliyinə məlumat verilməlidir. Dövlət orqanları effektiv işləsə, əslində belə marketləri cərimə gözləyir. Bu bilərəkdən süni qiymət artımıdır”. 

“Ölkəmizdə bu kimi halların çox yaşanmasının əsas səbəbi qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda marketlər üçün heç bir hüquqi qayda, yaxud sənədin olmamasıdır. Marketlər nəinki istehlakçılarla, eləcə də məhsul gətirənlərlə çox aqressiv davranırlar. Marketlər üçün müəyyən qaydalar hazırlanması üçün dəfərlərlə Nazirlər Kabinetinə müracit etsək də, nəticə yoxdur” – deyə, o, bildirib. 

Könül Oruc