Avstriyanın “ComplexCore+ şirkətinin rəhbər şəxsləri Roman Yahoda (Roman Jahoda) və Tomas Taro Netzer (Thomas Taro Netzer) oktyabrın 8-dən etibarən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri, eləcə də bədən tərbiyəsi və idman, fizioterapiya və reabilitasiya sahələrində çalışan şəxslər üçün silsilə təlimlər keçirlər.

Akademiyadan Unikal.org-a verilən məlumata görə, bu gün “ComplexCore+” şirkətinin təlimçiləri tərəfindən “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə bakalavriat səviyyəsinin tələbələri üçün “Əzələ funksiyasının qiymətləndirilməsinə giriş” mövzusunda, magistratura səviyyəsinin ”Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat” və “İdman tibbi və reabilitasiya” ixtisaslaşmaları üzrə təhsil alan tələbələr üçün isə “Hərəkətlərin amplitudası: mobillik və elastiklik” mövzusunda praktiki təlimlər keçilib. Tələbələr təlimlərdə yüksək maraqla iştirak ediblər.

”Laktat diaqnostikası” mövzusunda təlim isə Akademiyanın Elmi-tədris laboratoriyasının işçi heyəti üçün həyata keçirilib.

“ComplexCore+” şirkəti müxtəlif ölkələrin universitetləri üçün tədris aparılmasında və yüksək səviyyəli idmana dəstək verilməsində qəbul edilmiş təcrübəsi olan, fizioterapiya, reabilitasiya və idman sahəsində beynəlxalq səviyyədə tanınmış şirkətdir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bu şirkətlə əməkdaşlığını 3 ildən çoxdur ki, uğurla davam etdirir.