Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Unikal.org-un məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Əkbərovun vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib.

Vəkil bildirib ki, məhkəmə istintaqı zamanı şahid ifadələrində faktiki sübutlar yoxdur. O deyib ki, şahid ifadələri və Rövşən Əkbərovun ifadəsi barədə tədqiqatlar aparılmalıdır: "Çünki, Rövşən Əkbərov özü də bildirir ki, hadisə baş verən gecəni o ailəsi ilə birlikdə evində olub və səhərə qədər evdən çıxmayıb. Rövşən Əkbərov Elçin Əliyevin ölümünü səhər səfirliyə gedərkən eşidib. Digər tərəfdən, Rövşən Əkbərovun ailə üzvləri şahid qismində istintaqa dəvət edilməyib. Müstəntiq bu məsələdə maraqlı olmayıb. Həmçinin, məhkəmə istintaqında şahid qismində ifadə verən şəxslərin heç biri hadisənin Rövşən Əkbərovun tərtdiyini görməyib. Hamısı kimdənsə eşitdiyini deyir. Ona görə də məhkəmədən xahiş edirəm Rövşən Əkbərova bəraət hökmü verilsin".

Daha sonra prosesdə təqsirləndirilən şəxs Rövşən Əkbərov son söz deyib.

Vəkillərin çıxışını müdafiə etdiyini deyən təqsirləndirilən şəxs bildirib ki, onun Elçin Əliyevin qətli ilə heç bir əlaqəsi yoxdur: "Mən həmin vaxt ailəmlə birlikdə evdə olmuşam. Elçin Əliyevi mən qətlə yetirməmişəm. Mən hadisəni səhər səfirliyə gedəndə eşitmişəm. Ona görə də, xahiş edirəm hadisədə heç bir günahım olmadığı üçün mənə bəraət verilsin".

Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovdan 40 min manat məbləğində vəsait zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar qəbul olunub.