Dövlət Komitəsi dinşünas Elşad Mirinin "İslamda yoxdur" kitabının idxalına izacə verməyib. Səbəb isə, kitabda Elşad Mirinin seyidləri iblislə müqayisə etməsi olub.

Bu sözləri Unikal.org-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. 

“Mən qanun və vicdanım qarşısında rahatam. Çünki əminəm ki, seyidi və ya başqa bir insanı iblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbul edilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb”- deyə, o, bildirib. 

G.İsmayılov bildirib ki, Elşad Miri dünən özü etiraf edib ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib: “Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri "Qurani-Kərimi" tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv də tutur?! Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Sadəcə dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?!  Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Amma məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir. Nə isə, Allah Vasim müəllimə rəhmət eləsin, nə yaxşı ki, Quranı vaxtında tərcümə edib”. 

Könül Oruc