Xəstələrimizin dərmanları apteklərimizdən gəlsin, yoxsa İrandan?
Azərbaycanın ali məktəbləri nə buraxırlar: həkim, yoxsa...?

Dostum xəstələnmişdi və təbii ki, xəstəyə baş çəkməyə gedəndə onun yaxınlarının etdikləri söhbət bir jurnalist kimi məni ciddi şəkildə maraqlandırdı və necə deyərlər, bu mövzunu araşdırmağı qət etdim.

Əvvəlcə, xəstənin yaxınlarının söhbəti barədə. Söhbət xəstəyə hansısa dərmanları almaqdan gedirdi. Qohumlardan biri əminliklə “O dərmanı filan aptekdən alacağam” deyəndə digər qohum qəti etiraz etdi: “Lazım deyil, İranda yaxın tanışım var, zəng edərəm, elə sabah alıb göndərər”. Bu dialoq məni təəccübləndirdi və soruşdum ki, “Niyə öz apteklərimizdə dərman ola-ola bir də buradan İrana zəng edib oradan aldırmalısınız?”

Xəstənin qohumu əlini yellədi: “Bizim dərman alverçilərimizin qazanc xatirinə hansı fırıldaqlardan çıxdığını bilsəydiniz, bu sualı verməzdiniz!”

Uzun sözün qısası, başladım ölkəyə xaricdə dərman alıb gətirən kommersantların fəaliyyəti ilə maraqlanmağa. Və maraqlandıqca ortalığa son dərəcə dəhşətli faktlar çıxmağa başladı. Ortalığa çıxan faktlar da bundan ibarət olsun ki, Azərbaycana xarici şirkətlərdən dərman alıb gətirən iş adamlarımız mal ucuz başa gəlsin deyə çox əcaib bir üsula əl atırlar. Yəni xarici fabriklərə dərmanları sifariş verəndə bəzi komponentlərin qatılmamasını xahiş edirlər. Nəticədə bizim üçün gətirilən dərmanlar başqa ölkələrin əhalisinə satılan dərmanlardan uzuc, amma ... keyfiyyətsiz şəkildə satışa çıxardılır. Nəticədə də xəstələrimizin şəfa tapması üçün apteklərdən aldığımız dərmanlar biçarə xəstələrimizə heç bir yardım etmək gücündə olmur.

Məlumatlı mənbə bizə bildirdi ki, bu kommersiya fırıldağı təkcə xaricdən gətirilən dərman vasitələrinə tətbiq edilmir. Ölkədə dərman preparatlarını istehsal edən fabriklər də eyni fırıldaqlara əl atırlar.

Mənbənin sözlərinə görə, “Məsələn, yaraları yumaq üçün Azərbaycanda müəyyən tərkibdə yod məhlulları istehsal edilir, amma bu məhlulların tərkibinə bir neçə komponent bilərəkdən qatılmadığından onlar lazımi effekti vermir. Hər şey də onun başındadır ki, dərmanın maya dəyəri mümkün qədər ucuz başa gəlsin”.

Mənbə onu da bildirir ki, “Bəla burasındadır ki, xaricdən gətirilən malların müvafiq standartlara uyğun olub-olmadığına nəzarət etməli olan dövlət qurumlarının bu vəziyyətdən xəbəri var, amma onlar bəlli səbəblər və maraqlar üzündən bütün bu maxinasiyalara göz yumurlar”.

Bəs bu durum haradək və nə qədər davam edəcək?

Respublika səhiyyə nazirinin müavini Elsevər Ağayev söz verib ki, bu qüsurlar aradan qaldırılacaq.

Amma necə? Sən demə, nazir müavini hesab edirmiş ki, əsas problem bu dərmanların reklam olunma qaydasındaymış: “Reklam haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında” qanuna və “Dərman vasitələri haqqında qanunun” maddəsinə görə reseptsiz buraxılan dərman preparatlarının reklamı Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilə bilər. E. Ağayev bu sahədə hələ də müəyyən nöqsanların olduğunu qeyd edib: “Səhiyyə Nazirliyi olaraq, müvafiq qurumlara, televiziya şirkətlərinə müraciət edərək bildiririk, nazirliyin icazəsi olmadan belə reklamlar həyata keçirilməsin. Eyni zamanda, tibb müəssisələri də özünü qanun çərçivəsində reklam edə bilərlər”.

Nazir müavini Milli Məclisin Sosial Siyasət komitəsinin iclasında “Reklam haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişikliklərdə özəl klinikaların reklamlarının məhdudlaşdırılacağı xatırladılıb.

Və nazir müavinini qəzəbləndirən başqa bir məqam da var imiş. Hörmətli müavin hesab edir ki, bəzi özəl klinikaların xarici ölkələrdən mütəxəssis dəvət etməsi qəbuledilməz haldır: “Bəzən özəl tibb müəssisələri tərəfindən Səhiyyə Nazirliyinin icazəsi və Dövlət Miqrasiya Xidmətinin iş icazəsi olmadan müxtəlif ölkələrdən xarici mütəxəssislər gətirirlər. Heç bir ölkədə, o cümlədən Azərbaycanda belə hallara yol vermək olmaz”.

O bildirib ki, özəl tibb müəssisələri dövlət tibb müəssisələrindən heç də fərqləndirilmir. Onlar üçün hər cür şərait yaradıldığını deyən nazir müavininin sözlərinə görə, özəl tibb müəssisələri dövlət tibb müəssisələri ilə yanaşı inkişaf ediblər: “Ancaq həmin tibb müəssisələrində də qayda-qanunlara riayət olunmalıdır. Səhiyyə Nazirliyinin də istəyi budur ki, bu məsələ qanun çərçivəsində həll olunsun”.

Biz, sadəcə, cənab nazirin yadına salmaq istəyirik ki, Azərbaycanın ali məktəblərinə tələbə qəbulu üçün indiyədək aparılmış test yoxlamalarının nəticələri barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin mətbuata verdiyi açıqlamaları o da yada salsın. Və onda cənab nazir müavini bilər ki, Azərbaycanın ali məktəbləri nə buraxırlar: həkim, yoxsa...?