"Ermənilərin qondarma "Artsax" adlandırdıqları ərazidə aparılan müharibəyə həsr olunan (yəni bizim 44 günlük Qələbə savaşımıza aid) "Gate to Heaven" ("Cənnətə qapı") adlı filmi Ontario Beynəlxalq Film Festivalında  4 nüfuzlu mükafatdan birini qazanıb. Bizdə isə baş qarışıqdır, kino sahəsində fəxri adı olmayanların axtarışı gedir. Yəni kino çəkdin- çəkmədin, hamının mütləq fəxri adı olmalıdır". 

Unikal.org xəbər verir ki, bu barədə Mili Məclisin deputatı Fazil Musafa "Facebook" hesabında qeyd edib. Onun sözlərinə  görə,  44 günlük savaşı əks  etdirən film beynəlxalq səviyyədə ortaya  qoyulmayıb. 

""Tərəqqi" medalı da öz yerində. Bilmirəm, beynəlxalq arenaya çıxarmaq istədiyimiz 44 savaşın gerçəklərini, xüsusilə də Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalinin qətl edilməsini hansısa filmdə əks etdirmişikmi və haçansa bunu dünyaya çıxaracağıqmı? Hər halda bu sahədə ermənilərin geniş iş apardıqları ortadadır. Tədbirlər, bayramlar, fişənglər öz yerində, bu kimi vacib sahələrə də diqqət yetirmək lazımdır. İlk başdan kim təbliğatda üstələdisə, prosesi də o yönəldəcək. Sonra da oturub pullar ayıracağıq ki, necə edək bu filmləri ayrı-ayrı ölkələrdə ekranlardan yığışdıraq. Ən doğru yol keyfiyyətli alternativləri yaratmaq yoludur. Televiziyalarda da olduğu kimi kinoda da işi sahiblərinə tapşırmadıqca, hamının başı sənətdə xırda piştaxtaları işlətməyə qarışacaq. Söhbət son illərdəki teleseriallarımıza bənzər yerli mallardan getmir, dünya səviyyəsinə və parametrlərinə uyğun gələn filmlərin yaradılmasından gedir".

Gülayə  Mecid