Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik  Zaur Nudirəliyevin xatirəsi yad edilib. 
Unikal.org
xəbər verir ki,  şəhidin anım günündə öncə  Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvləri Hikmət Məmmədov və Rasim Musabəyov, Müdafiə Nazirliyinin rəsmi şəxsləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri II Fəxri Xiyabana gəlmiş, Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Milli Məclisin sədr müavini Adil Əliyev, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək şəhidin ailəsinə başsağlığı vermiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Zaur Nudirəliyevin xatirəsinin əziz tutulacağını qeyd etmişlər. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, mövqeyi və diplomatiyası sayəsində qazanılan zəfərdən, şəhidlərimizin bu zəfərdə olan misilsiz rolundan, şəhid polkovnik Zaur Nudirəliyevin  keçdiyi şərəfli həyat və döyüş yolundan, onun göstərdiyi şücaətdən danışmışlar. Şəhidlərimizin heç zaman unudulmayacağı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, dövlətimizin və xalqımızın ilk günlərdən onların yanında olduğu, qayğılarına xüsusi həssaslıqla yanaşıldığı qeyd edilmişdir. Şəhidin məzarı ətrafına toplananlar tərəfindən Vətən Müharibəsi Qəhrəmanının məzarı üzərinə əklil və gül dəstələri qoyulmuş, xatirəsi hörmət və ehtiramla yad edilmişdir. 
Daha sonra şəhidin anım mərasimi keçirilərək ehsan verilmiş, ruhuna dualar oxunmuşdur. Anım mərasimində 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Mərasimdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək qeyd etmişdir ki, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, xalqımızın həmrəyliyi nəticəsində qazanıldı. O vurğuladı ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. 
27 sentyabr - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın, eləcə də 3000 nəfərədək soydaşımızın iştirak etdiyi və başları üzərində tutduqları şəhid portretlərindən biri də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin portreti olmuşdur. Anım mərasimində həmin portret şəhidin ailəsinə qürur hissi ilə təqdim edilmişdir.
Anım mərasiminin sonunda şəhidin ailəsi adından Kərəm  Əliyev çıxış edərək  ölkəmizdə şəhid ailələrinə, o cümlədən onlara göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.