Qlobal Bakı Forumu  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 4-6 noyabr tarixlərində isə sayca səkkizinci forum baş tutub. Qlobal Bakı Forumu artıq dünyada yüksək nüfuzu olan beynəlxalq təsisatlardan birinə çevrilib.

VIII Forumun açılışı zamanı çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan biridir və bu Mərkəzin təşkilatçılığı ilə keçiriən ənənəvi Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.  

VIII Qlobal Bakı Forumunun açılışı zamanı geniş və əhatəli çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinin COVİD-19 pandemiyası dövründə irəli sürdüyü beynəlxalq təşəbbüslərə diqqət çəkmiş, eyni zamanda Azərbaycanın 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsini qeyd etmişdir. Bəzi ölkələrin artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırdğını qeyd edən cənab Prezident İlham Əliyev digər ölkələrdə isə vaksinasiyanın səviyyəsinin aşağı olmasını bildirmişdir. Ümumiyyətlə, Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bunula əlaqədar olaraq ölkəmiz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə də çıxış etmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatına  öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

Ölkəmiz pandemiya ilə mübarizə çərçivəsində ölkə miqyasında da böyük uğurlara imza atıb. Bu istiqamətdə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın təcrübəsi başqa ölkələr üçün nümunə olaraq göstərilib. VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışında Azərbaycanın ölkədə pandemiya ilə mübarizə tədbirlərinə toxunan cənab Prezident İlham Əliyev  Azərbaycanın regionda peyvəndələməyə başlayan ilk ölkə olduğunu qeyd edərək hazırda  yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxunun iki dozanı aldığnı bildirmişdir. Cənab Prezidentin də bildirdiyi kimi əhalimiz vaksinasiya məsələsinə çox məsuliyyətlə yanaşır. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır.

Ölkəmizdə əsasən 2 növ peyvənd-“Sinovac” və “Pfizer”dən istifadə olunur və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. 

Qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açıldığını vurğulayan cənab Prezident İlham Əliyev  əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün dövlət tərəfindən ciddi tədbirlərin görülməsindən bəhs etmişdir. Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmış və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları həcmində olmuşdur. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. 

Cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışında Azərbaycanın COVİD-19 pandemiyası  dövründə həm ölkə daxili, həm də qlobal miqyasda fəal addım atdığını bildirərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVİD-19-a həsr olunmuş xüsusi Zirvə görüşü keçirilməsi haqqında da məlumat verdi. Azərbaycan beynəlxalq aləmdə qlobal problemlərin birgə həllində maraqlı olan ölkədir, həmçinin bu istiqamətdə tərəfdaşlıqlara da hazırdır. Çıxışı zamanı Cənub Qaz Dəhlizi layihəsinə diqqət çəkən cənab Prezident İlham Əliyev bu layihənin Azərbaycan, qonşu ölkələr, həmçinin Avropa üçün tarixi naliyyət  və Avropanın enerji təhlükəsizliyində mühüm meyar olduğunu Forum iştirakçılarının diqqətinə çatdırdı. 

Hər bir beynəlxalq tədbirdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda da Ermənistanın ölkəmizə qarşı yaraytdığı 30 illik münaqişəni öz gücü ilə həll etməsi haqqında əhatəli çıxış etdi. Ermənistanın sabiq müdafiə naziri açıq şəkildə bəyan edirdi ki, Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Ümumiyyətlə, rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın sabiq müdafiə nazirinin bu bəyanatlarına da səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı  mesaj belə vermədilər. Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi.

Azərbaycan özü münaqişəni həll etdi, belə ki,  1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən dərhal sonra  azad edilmiş ərazilərdə fəal şəkildə genişmiqyaslı bərpa işlərinə başlayıb. Qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaq. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır. İndi postmünaqişə vəziyyəti yaşanır və sülh müqaviləsi üzərində işləməyə başlamaq üçün Ermənistana bir sıra təkliflər verilib. 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin edilməlidir. Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədlərin delimitasiyasına hazırdır.

 Milli Məclisin deputatı Cavid Osmanov