Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü işə başlayıb.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə Görüşünü açıq elan edib.

Sonra Türkiyə dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

*** 16:08

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşü keçirilir.

Unikal.org-un xəbərinə görə, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməmmədov, Macarıstanın Baş naziri Viktor Orban və təşkilatın Baş katibi Bağdad Amreyev iştirak edirlər.

““Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçirilən Zirvə Görüşündə liderlər gündəmin çox vacib məsələlərini müzakirə edəcək və təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlərlə bağlı qərarlar qəbul edəcəklər. Zirvə Görüşündə Türkmənistanın müşahidəçi statusu ilə üzv olması, təşkilatın adının dəyişdirilməsi, üçüncü ölkə və qurumlarla əlaqələr, müşahidəçi üzvlük meyarlarının müəyyən edilməsi, Türk İnvestisiya Fondunun yaradılmasının tamamlanması, orta və uzun müddətli məqsəd və proqramı ehtiva edən “Türk Dünyası 2040 Vizyonu”nun təsdiq edilməsi gözlənilir.

İclasın gündəliyindəki məsələlərlə yanaşı, liderlər hazırkı regional və beynəlxalq siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi aparacaqlar.

Təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə keçəcəyi Sammitdə dövlət başçıları VIII Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini və bir sıra sənədləri imzalayacaqlar.