"İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük. Türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil.

Bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türk Dövlətləri Təşkilatının formalaşması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu, Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq. Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə Naxçıvan sazişini dörd lider imzalamışdı, ancaq bu gün üzvlərin sayı 7-yə çatıb. Bu, onu göstərir ki, təşkilat çox cəlbedicidir. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Sazişə əsasən yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. TDT beynəlxalq sənədə görə beynəlxalq hökumətlərarası təşkilatdır. Bu gün Türkdilli ölkələrin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşmışdır. Bu da olduqca mühümdür. Liderlərimizin ortaq köklərimizə sərgilədiyi nümunəvi yanaşma vardır. Bu, bötüvlükdə hər birimiz üçün müəyyənedici olmalıdır. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib. Bu, eyni zamanda, Türk birliyinin daha da möhkəmləndirilməsi barədə dünyaya bir mesaj idi. Digər diqqətçəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının Ali Ordeni ilə təltif olunmasıdır. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən deyib: “Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”. Azərbaycan Prezidentinin bu sözləri bir daha onun üçün dövlət və xalq birliyinin mühüm əhəmiyyət daşıdığını göstərir. Prezident İlham Əliyev çıxışında, eyni zamanda, müharibə dövründə və ümumiyyətlə, hər zaman Türkiyə dövlətinin əsl qardaş kimi Azərbaycanın yanında olduğunu dilə gətirib, Azərbaycanın Qələbəyə olan əzminin artmasında qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayağın mühüm rolu olduğunu bildirib. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözlərinin xalqımıza nə qədər böyük güc verdiyini xüsusi vurğulayıb. Eyni zamanda Türk Şurasına sədrliyin Türkiyəyə təhvil verilməsi ilə bağlı hissəsində bir daha Türkiyə Respublikasının bütün türk dünyası üçün aparıcı rolu və qüdrətindən danışarkən Prezident İlham Əliyev bildirib: “Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir... Türkiyənin gücünü … indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir”.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov