Gürcüstanda COVID pasportu sisteminin tətbiqi ilə əlaqədar restoranlara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılır.

"Unikal" xəbər verir ki, Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına görə dekabrın 1-dən ölkə ərazisində fəaliyyət göstərən restoranlar saat 23:00-dan sonra da fəaliyyət göstərə biləcəklər.

Digər qərarla isə xaricdən quru yolu ilə qayıdan peyvənd olunmuş Gürcüstan vətəndaşlarının PZR testinin cavabını təqdim etmək öhdəliyi ləğv edilib.

Qeyd edək ki, dekabrın 1-dən Gürcüstanda “yaşıl pasport” sisteminin tətbiqinə başlanılacaq, həmin tarixdən etibarən ictimai nəqliyyat istisna olmaqla qapalı ictimai məkanlara yalnız koronavirus əleyhinə vaksin olunmuş şəxslərin daxil olmasına icazə veriləcək.