Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, səfər zamanı R.T.Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçiriləcək Zirvə görüşündə iştirak edəcək, həmçinin, noyabrın 27-28-də Aşqabadda baş tutacaq Türkiyə-Türkmənistan əlaqələrinin müzakirəsinə dair toplantıya qatılacaq.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə-Türkmənistan əlaqələrinin bütün aspektləri və əlaqələrin müxtəlif sahələrdə daha inkişaf etdirilməsi müzakirə ediləcək, regional məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, R.T.Ərdoğan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə İƏT-in “Birlikdə gələcəyə” mövzusunda 15-ci Liderlər Zirvə toplantısına qatılacaq.

Toplantı çərçivəsində Türkiyənin təsisçi üzvü olduğu İƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, itkilərlə mübarizə kontekstində təşkilat çərçivəsində koordinasiya və əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. COVİD-19 pandemiyası və pandemiyadan sonrakı dövrə hazırlıq, eləcə də gələcək iqtisadi əməkdaşlığın gücləndirilməsi haqqında müzakirə aparılacaq.

Türkiyə Prezidenti İƏT-ə sədrliyi Türkmənistan Prezidentinə təhvil verəcək.

R.T.Ərdoğanın səfəri çərçivəsində İƏT-də iştirak edəcək dövlət başçıları ilə ikitərəli görüşü də nəzərdə tutulub.