Həsən Sarıyev Ağdamda inqilab təşkil edir
Quzanlı kəndində müxalifətçilərlə görüş təşkil edən keçmiş başçı məqsədinə çatmaq üzrədir

Son zamanlar bir sıra rayonlarda baş verən iğtişaşlar ölkənin gündəmini dəyişdi . Bir tərəfdən narazı toplum daha da aqressivləşdi, digər tərəfdən isə aydın oldu ki, bir sıra məmurlar yerində deyil. Buna görə prezident İlham Əliyev müşavirə keçirərək bəyan etdi ki, harınlamış, xalqa yuxarıdan aşağı baxan icra başçıları, məmurlar işdən azad ediləcək, qanunsuz əməllərlə məşğul olan məmur övladları həbs ediləcək və ataları tutduqları vəzifədən kənarlaşdırılacaq. Bu bəyanatdan sonra isə İsmayıllı rayonu,daha sonra isə Şamaxı rayonunun icra başçısı vəzifəsindən kənarlaşdırıldı. Bununla da hesab etmək olar ki, prezident kadr islahatlarına start verib və proses davamlı olacaq. Amma deyəsən yaranmış şəraitdən istifadə edən bəzi qüvvələr şəxsi maraqlarını həyata keçirtməyə başlayıblar.

“Unikal”a daxil olan məlumata görə hazırda belə bir durum Ağdam rayonunda baş verir. Məlumatda qeyd olunur ki, Ağdam rayonunun keçmiş icra başçısı Həsən Sarıyev aktivləşərək rayonun hazırkı başçısı Nizami Sadıqovu postundan kənarlaşdırmaq kompaniyasına başlayıb.

Bildirilir ki, Həsən Sarıyev Ağdam rayonunun Quzanlı kəndində müxalifətçilərə məxsus bir kafedə müxalifət partiyalarının üzvləri ilə mütəmadi görüşlər keçirərək əhalini etiraz mitinqləri təşkil etməyə çağırıb. Mənbə deyir ki, Həsən Sarıyev insanları inandırmağa çalışır ki, Nizami Sadıqovun əleyhinə aksiyalar təşkil olunarsa prezident onu görəvindən alacaq və özü yenidən icra hakimiyyətinin başçısı olacaq. Bəzilərinə torpaq payı, bəzilərinə vəzifə verəcəyini vəd edən keçmiş başçı demək olar ki, aksiyanı təşkil etmək ərəfəsindədir. Çox maraqlı başqa bir məqam isə budur ki, Həsən Sarıyev Bakıda fəaliyyət göstərən müxalifətdə olan partiya sədrlərindən birinə maliyyədə ayırmağa başlayıb.

Mənbə deyir ki, bunun qarşılığında həmin partiyanın Ağdam rayon təşkilatının bütün üzvləri Həsən Sarıyevin yanındadırlar və akisyanın əsas təşkilatçıları da onlar olacaq.