Bu gün  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Gənclərin özünü inkişafı, milli dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda seminar keçirilib. Seminarda Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramin Məmmədov və tələbələr  iştirak ediblər.  

Universitetdən "Unikal"a  verilən məlumata görə, tədbiri giriş sözü ilə universitet THİK-in sədri Bayram Aslanov açaraq, seminar iştirakçılarını salamlayıb. O, Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından danışıb, dövlətin gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün lazımi şərait yaratdığını qeyd edib. THİK sədri tələbələrin üzərinə tələbəliklə yanaşı, ölkəmizi, aid olduqları mədəniyyəti, milli-mənəvi dəyərləri, layiqincə təcəssüm etdirmək, Azərbaycan həqiqətlərini hər yerdə təbliğ etmək və vətənimizin maraq və mənafelərini müdafiə etmək kimi vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Ramin Məmmədov dəvətə görə Universitetin rəhbərliyinə  təşəkkür edib, tələbələrlə hər zaman ünsiyyətdə olmaqdan məmnun olduğunu söyləyib. Mənəvi dəyərlərin təbliğində azərbaycançılıq ideologiyasının əsas yer tutduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, bu ideologiyanın yayılmasına Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəhd göstərilmişdi. Lakin azərbaycançılıq ideologiyası ümummilli liderimiz Heydər Əliyevin sayəsində öz həllini tapmışdır. Ulu öndərin milli-mənəvi dəyərlərlə bağlı siyasətində azərbaycançılıq ideologiyası əsas yer tuturdu. Bu siyasət hazırda  ölkə başçımız İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 

Qonaq çıxışında daha sonra bildirib ki, ölkəmizdə aparılan ideoloji siyasətin müsbət nəticəsidir ki, bu gün Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu ölkənin tamhüquqlu vətəndaşı kimi hesab edir. Azərbaycan hazırda dünyanın ən tolerant ölkələrindən biri hesab olunur.

Ramin Məmmədov məruzəsində ölkəmizdə aparılan Könüllülük hərəkatından da geniş söhbət açıb, qeyd edib  ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.Məruzəçi AzMİU-da da Könüllülük hərəkatı əsasında fəaliyyət göstərən tələbə gənclərimizin işini yüksək qiymətləndirib. “Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var”.

Görüşdə tələbələrin, məhz Azərbaycan prezidentinin ətrafında sıx şəkildə birləşməsi, onun siyasi fəaliyyətinə bir vətəndaş olaraq dəstək olması və beləliklə Azərbaycanın növbəti uğurlarında yaxından iştirak etməsi kimi vacib missiyanın qarşıya qoyulduğu  vurğulanıb. Qeyd olunub ki, Azərbaycan gəncləri öz bilik və bacarıqlarını, istedadlarını Azərbaycanın parlaq gələcəyi, işıqlı sabahı naminə istifadə etməlidirlər.  

Diskussiya formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, o cümlədən mövzu ilə bağlı fikirləri dinlənilib.

Sonda universitet THİK-in sədri Bayram Aslanov seminar iştirakçıları  adından Milli Məclisin deputatı Ramin Məmmədova tələbələrlə görüşə gəldiyinə, geniş və əhatəli çıxışına görə təşəkkürünü bildirib. Tələbələr millət vəkili ilə xatirə fotoşəkilləri çəkdiriblər.