Gürcüstan hökuməti xarici vətəndaşlar üçün "yaşıl status"un əldə olunması ilə bağlı yeni qaydalar müəyyən edib.

"Unikal" xəbər verir ki, dekabrın 1-dən Gürcüstana səfər edən xarici ölkə vətəndaşları "yaşıl status"u sərhədi keçəndən sonra əldə edə biləcəklər.

Yeni qaydalara əsasən xaricdə koronavirusa qarşı hər iki doza ilə peyvənd olunan və ya test verən əcnəbilərə bu statusu təsdiqləyən QR-kod "CovidPass Georgia" tətbiqi vasitəsilə və ya covidpass.moh.gov.ge saytında qeydiyyatdan keçməklə veriləcək.

Hazırda test rejimində olan tətbiq və sayt dekabrın 1-dən fəaliyyətə başlayacaq.

Qeydiyyatın təsdiqi xarici vətəndaşın Gürcüstanın mobil telefon nömrəsi və yaxud elektron poçtuna göndəriləcək.

"Yaşıl status" tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər üçün nəzərdə tutulub. PCR test və yaxud sürətli testin əsasında "yaşıl status" alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılacaq.