DİN bu gün Bakıda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:

“Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90-SB-966 nömrəli “Nissan X-Trail” markalı  avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən paytaxt sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub.

Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi BMW markalı avtomobilin qarşısına düşüb. Nəsimi Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib”.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib, habelə digər istintaq hərəkətləri həyata keçirilib. Araşdırma davam etdirilir.

***

10:48

Xəbər verdiyimiz kimi, bu gün Bakıda "10-AA-659" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin iştirakı ilə yol qəzası baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, həmin dövlət qeydiyyat nişanlı maşın Azərbaycan Respublikası Dövlət Neft Fonduna məxsusdur.

Murad İbrahimli

***

09:04

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib.

Saat 07.00 radələrində şəhər istiqamətində hərəkətdə olan "10-AA-659" dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.