Jurnalistlərin Müdafiə Komitəsinin açıqladığı yeni hesabata əsasən, dəmir barmaqlıqlar arxasında olan jurnalistlərin sayı 2021-ci ildə pik həddə çatıb.

"Unikal" xəbər verir ki, həbsxanada olan jurnalistlərin sayı 2020-ci ildə 280 olduğu halda, 2021-ci ildə bu rəqəm 293-ə yüksələrək rekord qırıb. Hesabatda bu il ən azı 24 jurnalistin reportajlarına görə öldürüldüyü barədə məlumatlar da yer alıb.

Bundan əlavə, öldürülən 18 jurnalistin verdikləri xəbərə görə öldürülüb-öldürülmədiyi müəyyən edilməyib.

Çin ilk sırada

Üç ildir ki, Çin dünyanın ən böyük jurnalist məhbusu olaraq qalır. Bu il həbsdə olan 50 jurnalistlə Çin birinci yerdədir. Myanma fevralın 1-də hərbi çevrilişin törətdiyi media əməliyyatlarına görə ikinci yerə yüksəlib. Digər  üçlükdə isə Misir, Vyetnam və Belarus tutur.

ABŞ-da yerləşən CPJ qeyri-hökumət təşkilatı bəyan edib ki, jurnalistlərin həbsinin səbəbləri ölkədən asılı olaraq dəyişir, lakin bu il əldə edilən yüksək rəqəm dünyada baş verən siyasi təlatümləri və müstəqil reportajlara dözümlülüyün azaldığını əks etdirir.

Gülayə Mecid