"Qarabağ iqtisadi zonaları üzrə Azərbaycanın inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi ilə bağlı hansısa konsepsiya yoxdur. Sadəcə ümumi qaydada Qarabağla bağlı danışıqların aparılmasında iştirak etmək üçün xüsusi nümayəndə təyin olundu. Nümayəndə bu mövzu ətrafında danışıqlarda Prezidenti təmsil edəcək".

Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, bu, yeni idarəetmə modelinin varlığından xəbər vermir. 

"Yeni idarəetmə modelinə keçməklə bağlı bizim tərəfimizdən təkliflər səslənib. Təklif etmişdim ki, 14 iqtisadi rayonun sayını iki dəfə artıraraq, onun əsasında idarəetmə formasına keçilməlidir. Bütün səlahiyyətlər yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrə verilməlidir. İcra hakimiyyətləri isə bu yükdən azad olunmalı və daha çox dövlət orqanları arasında koordinasiya işini həyata keçirməlidirlər. Bu da rayonda yeni bir canlanmanın yaranmasına səbəb olar, yerli özünüidarəetmə inkişaf edər. İndi səlahiyyətsiz bələdiyyələr bu funksiyanı hansısa formada yerinə yetirmək imkanına sahib deyillər. Bələdiyyə institutunun dirçəlməsinə çalışmalıyıq".

Anar Kəlbiyev