25 Avqust 2019
24 Avqust 2019
Bakı restoranlarında 2 manatlıq ət qalmaqalı
Bakı restoranlarında 2 manatlıq ət qalmaqalı REPORTAJ 16:27 2013-02-18


Bakı restoranlarında 2 manatlıq ət qalmaqalı
Avropadakı at əti qalmaqalı Azərbaycana da təsir edib; ölkəmizə Rumıniya və Hindistandan mənşəyi bilinməyən mal ətinin gətirilməsi azalsa da, kafe və dönərxanalar öz işindədir

Son günlər Avropada yaşanan və getdikcə böyüyən ət qalmaqalı Azərbaycan bazarlarına da təsirsiz ötüşməyib. Qalmaqal bu fevral ayının əvvəlində İsveçin böyük ərzaq mağazaları şəbəkəsi olan “Findus”un Britaniyada satdığı dondurulmuş lazaniya adlı yeməyin içindəki ətin at əti olduğu aşkar ediləndən sonra başlayıb.
Həmin yeməyi Fransanın “Cogel” yemək şirkəti hazırlayıb. Yeməyin içindəki ət məhsulu isə əsasən Fransanın “Spanqero” şirkəti tərəfindən emal edilib. Fransanın istehlak naziri Benoit Hamon deyib ki, Fransa, Hollandiya və Kiprə göndərilən ət məhsullarının izi Rumıniyaya gedib çıxır.

Qeyd edək ki, Azərbaycana da Rumıniya kimi bir neçə Avropa ölkəsindən ucuz ət idxal edilir. Bu məlumat rəsmi olaraq təsdiqlənməsə də təkcə paytaxt Bakının ət bazarlarında apardığımız müşahidələr onu deməyə imkan verir ki, bizdə vəziyyət heç də Fransadan fərqlənmir.

Bakıda bir neçə böyük bazar var, orada hər gün səhər saatlarında topdansatış ət yarmarkası təşkil edilir. “8-ci km bazarı”nda təşkil olunan ət yarmarkalarının birinə gedib müşahidələr aparırıq. Paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən kafe, restoran və dönərxana sahibləri səhər saat 6-dan 8-ə kimi davam edən yarmarkaya gələrək ucuz ət alırlar.

Şənbə günü gecə saatlarında bu bazara gətirilən ətlərin yoxlanması üçün nümunələr götürülür. İri heyvan cəmdəklərindən götürülən ət nümunələrinin müayinəsi isə cəmi 2-3 dəqiqə çəkir. Qəssablar və ət satanlar bu ətin satışa yararlı olması haqqında kağızı 2 manat müqabilində çox asanlıqla əldə edirlər.

“Yoxlama, müayinə, sənədləşmə” başa çatandan sonra kafe və restoran sahibləri yarmarkanın açılması ilə qızğın bazarlığa başlayırlar. İri heyvan cəmdəkləri qapanlarda çəkilərək maşınlara yüklənir.

Bazarda eyni zamanda ətin sümükdən ayrılması xidməti də fəaliyyət göstərir. Əsasən dönərxana sahiblərinin yararlandığı bu xidmətin fəaliyyət göstərdiyi sexdə gördüklərimiz bizi dəhşətə gətirdi. Dönər rulonunu qəssaba verən bir şəxs bir başqa torbada dünəndən qalma əti də rulonun aralarına vurmasını tapşırdı. Onların arasındakı dialoq isə bu şəkildə oldu:
- Əti çox yandırmısan, bəlkə vurmayaq?
- Heç nə olası deyil. Yanan hissəni təmizlə.
- Gərək onda ədvaları bol eləyəsən.
- Bizdə köz dönəridir. Beşcə dəqiqəyə hazır olur.
- Rulonun üstünü şirələyək, bilinməsin...

Sexdəki müşahidələrimiz onu deməyə imkan verir ki, dönər daha çox aşağı keyfiyyətli ət məhsullarından hazırlanır. Dönərxanalar Hindistandan gətirilən və kolbasa istehsalında istifadə edilən, eyni zamanda üçüncü kateqoriya - arıq heyvanların ətindən istifadə edirlər ki, bunlar da yemək üçün tam yararsızdır.
Üstəlik qəssablarla söhbət əsnasında öyrənirik ki, Avropada baş vermiş ət qalmaqalı oradan Azərbaycana idxal olunan ətin həcminin yarıbayarı azalmasına səbəb olub. Satıcılar onu da deyir ki, Beyləqandakı ət bazarında kəsilən heyvanların Bakıya gətirilməsi əvvəlki aylara nisbətən bir xeyli artıb.
Hindistandan gətirilən dondurulmuş ətin satışı isə bazarın bir digər qapalı hissəsində təşkil olunub. Kilosu 2 manata satılan bu əti satan qəssablar deyir ki, ətin ucuz olması onun Hindistandan gətirilməsi və burda topdansatışı ilə bağlıdır. Hindistanda inəyin kəsilməsinin qadağan olduğunu bildirib satıcıdan “bəlkə bunlar ölən inəklərin ətidir” deyə soruşuruq. Satıcının cavabı belə olur: “Ölmüş heyvan murdar olur. Onun ətini yesən, o dəqiqə zəhərlənmə verər. Dörd ildir mən bazarda bu ətdən satıram. İndiyə kimi heç bir şikayət olmayıb. Hətta özümüz də evimizə bu ətdən aparırıq”.

Ət satışı ilə bağlı antisanitariya halları təkcə bazarlarda hökm sürmür. Paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən ət mağazalarında heyvan cəmdəyinin çöldə - açıq havada tardan asılaraq satıldığına rast gəlmək mümkündür. Avtomobil yollarının üstündə yerləşən bu tip ət dükanlarında kəsilən heyvan ətinin saxlanılması üçün heç bir tədbir görülmür.

Dərnəgül şosesinin üzərindəki ət mağazasında çalışan qəssab isə çəkiliş aparmağımıza mane olmaqla yanaşı ətin saxlanılması ilə bağlı verdiyimiz suala olduqca aqressiv cavab verir: “Mağazanın içərisində əti gizlətsəm, heç alverim olar? Alan adam bilməlidir ki, bu gün mal kəsilib, ya yox. Ona görə bir-iki cəmdəyi çölə asırıq”.

Yalnız əraziyə post patrul xidmətinin əməkdaşları gələndən sonra həmin qəssab çöldən asılmış mal cəmdəklərini yığışdırır.

Mövzu ilə bağlı danışdığımız ekspertlər isə bildirir ki, hüquq-mühafizə orqanları bu məsələyə ciddi yanaşmasa, heç bir müsbət nəticə əldə olunmayacaq. Onların sözlərinə görə, ətin keyfiyyətindən narazı olan hər bir vətəndaş Dövlət Baytarlıq Xidməti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə bərabər hüquq-mühafizə orqanlarına da müraciət etməlidir. Ekspertlər hesab edir ki, bu tip qanun pozuntuları ilə bağlı külli miqdarda cərimələnən, qapadılan restoran və kafelər digərlərinə də dərs olardı.