Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə həyata keçirilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin toxumçuluq sektorunun inkişafı subkomponenti çərçivəsində əsas benefisiar kimi Aqrar Xidmətlər Agentliyinin (AXA) və onun tabeliyində fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin (LESM) toxumçuluq istiqaməti üzrə fəaliyyətin dəstəklənməsi nəzərdə tutulub. Bu istiqamətdə bir sıra dəstək tədbirləri həyata keçirilib və LESM-in  regional və mərkəzi laboratoriyaları müasir avadanlıqlar ilə təchiz edilib.

"Unikal" xəbər verir  ki, LESM-in Mərkəzi Laboratoriyasının ISTA (Beynəlxalq Toxum Sınağı Assosasiyası) və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) standartlarına uyğun fəaliyyətinin təmin olunması üçün Aqrar Xidmətlər Agentliyinin aparatının və LESM-in 15 nəfər əməkdaşı yeni sortların sınağı, qeydiyyatı, toxumçuluq və tingçilik sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə beş gün müddətində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Ankara şəhərində yerləşən Toxumların Qeydiyyatı və Sertifikatlaşdırma Mərkəzində (TTSMM)  təlim keçiblər. Təlimdə İSTA texniki heyətinin üzvü olan  peşəkar mütəxəssislər tərəfindən TTSMM-in vəzifə və funksiyaları, sort və toxum qeydiyyat sistemi, toxum sertifikatlaşdırma sistemi, toxumçuluq sisteminin İSTA və OECD standartlarına uyğunlaşdırılması, bitkiçilikdə  sort-sınaqların aparılması qaydaları, toxum partiyalarının qablaşdırılması və etiketlənməsi, ting istehsalı və sertifikatlaşdırılması, laboratoriya şəraitində toxum analizlərinin aparılması və s. mövzular üzrə  mühazirələr və praktik məşğələlər keçirilib. 

Həmçinin, təlim iştirakçıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib, Ankara qalası, Anadolu Mədəniyyət muzeyi ilə tanış olublar.